PARACÜDOÇUMUZ VÜQAR ŞİRİNLİ “TOKİO-2020″NİN FİNALINA YÜKSƏLİB

Paracüdoçumuz Vüqar Şirinli “Tokio-2020” Yay Paralimpiya Oyunlarına qələbə ilə başlayıb.

60 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk görüşdə türkiyəli Recep Çiftçiyə qalib gələrək yarımfinala yüksəlib. Onun növbəti rəqibi rumıniyalı Aleks Boloqa olub. Rəqibini məğlub edən V.Şirinli “Tokio-2020″nin finalına yüksəlib. Təmsilçimizin rəqibi qazaxıstanlı Anuar Sarıyev olacaq.

Digər cüdoçumuz Namiq Abaslı (66 kq) ilk görüşdə Bannon İbanesə (İspaniya) məğlub olub. Rəqib finala yüksəldiyi üçün idmançımız təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Puerto-Riko təmsilçisi Luis Labdiel Perezi və Viktor Rudenkonu (Rusiya Paralimpiya Komitəsi) üstələyən N.Abaslı bürünc medal uğrunda görüşdə Ukrayna idmançısı David Xorava ilə qarşılaşacaq.

Azərbaycan komandasının aktivində artıq 1 medal var. Belə ki, Pərvin Məmmədov (49 kq) pauerliftinq yarışlarında bürünc medala sahib olub.

Qeyd edək ki, “Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda – 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.