PAKİSTANDA SİLAHLI ŞƏXSLƏR HƏRBİ MƏRKƏZƏ HÜCUM EDİBLƏR

Bu gün səhər saatlarında Pakistanın Bəlucistan əyalətində hərbi mərkəzə hücum edilib.

Pakistan mediası xəbər verir ki, hücum nəticəsində dörd əsgər həlak olub, daha beş nəfər yaralanıb. “Aamaj News” agentliyinin məlumatına görə, hücumun məsuliyyətini yeni yaradılmış “Təhrik-i-Cihad Pakistan” qruplaşması üzərinə götürüb.

Silahlılar əvvəlcə mərkəzin ərazisinə daxil olmağa çalışsalar da, mühafizəçilər onları içəri buraxmayıb. Bundan sonra şiddətli atışma başlayıb. Silahlı şəxslərdən üçü mühasirəyə alınaraq öldürülüb, hərbçilər daha iki nəfəri axtarır.

Dairənin komissarı “Dawn” nəşrinə bildirib ki, atışma zamanı təsadüfən yol keçən bir nəfər də ölüb, bir neçə mülki şəxs yaralanıb.