PAKİSTAN VƏ GÜRCÜSTAN GƏNCLƏRİNDƏN AZƏRBAYCANLI EKOFƏALLARIN AKSİYASINA DƏSTƏK

Məlum olduğu kimi, bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF ARM) İdarə Heyəti Azərbaycanın Qarabağ bölgəsində, Şuşa-Xankəndi yolunda keçirilən ekoloji aksiyaya dəstəyi ifadə edən bəyanatla çıxış edib. Sənəddə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinin hələ də bu tipli monitorinqlərdən kənar və nəzarətsiz qalması təəssüflə bildirilir.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumundan bildirilib ki, sözügedən bəyanata dəstək olaraq artıq bir neçə müsəlman gənclər təşkilatı İƏGF Avrasiya Regional Mərkəzinin bu aksiyasına öz dəstəklərini bildiriblər. Bu yaxınlarda Pakistanın Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutu və Gənc Diplomatiya Forumu, eləcə də Gürcüstan Müsəlman Gənclər Mərkəzi müvafiq bəyanatlarla çıxış ediblər.

Bəyanatlarda, ilk növbədə, Azərbaycanın Qarabağ üzərində suverenliyi prinsipi vurğulanaraq, şəffaf şəkildə monitorinqin keçirilməsi və azərbaycanlı ekoloqların fəaliyyətinə tam şəraitin yaradılması tələb kimi irəli sürülür, ermənilərin qanunsuz fəaliyyəti nəticəsində bu bölgədə ətraf mühitə vurulan zərər pislənilir, bunun BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə zidd olduğu xüsusi qeyd olunur. Hər iki bəyanatda İƏGF Avrasiya Regional Mərkəzinin başladığı ekoaksiyaya həmrəylik və dəstək ifadə olunur.

Gürcüstan Müsəlman Gənclər Mərkəzinin verdiyi bəyanatda, bu yaxınlarda Qarabağ ərazisinə xarici blogerlərin səfəri zamanı bölgənin ekosisteminin ciddi ziyana məruz qaldığı qeyd olunub, “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında ermənilərin həyata keçirdiyi qeyri-qanuni fəaliyyətlər kəskin pislənilib.

Xatırladaq ki, İƏGF-ARM 56 İƏT ölkəsinin aparıcı gənclər hərəkat və strukturlarını özündə birləşdirən beynəlxalq qurum – İƏT Gənclər Forumunun regional təşkilatıdır.