Özbəkistan Trans-Xəzər nəqliyyat dəhlizinin Azərbaycan və Türkiyə ərazisindən Avropayadək inkişaf etdirilməsində maraqlıdır.
Bunu Özbəkistan investisiyalar və xarici ticarət nazirinin birinci müavini Əziz Voitov Bakıda keçirilən Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasının yekunu ilə bağlı brifinq zamanı deyib.
O, həmçinin Mərkəzi Asiya ölkələrindən Hindistan, Çin və Pakistana marşrutun əhəmiyyətini vurğulayıb.
Nazir müavininin sözlərinə görə, vahid elektron ticarət məkanının yaradılması sahibkarlara daha sıx əməkdaşlıq etməyə və tarif və qeyri-tarif maneələri aradan qaldırmağa imkan verəcək.
Qeyd edək ki, Bakıda keçirilmiş Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında türk dövlətlərinin rəsmi nümayəndələri, o cümlədən Türkiyənin ticarət naziri Mehmet Muş, Türk Şurasının baş katibi Baqdad Amreyev, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin müavini Badrıddin Abidov, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto iştirak edib.