![](https://mtm.az/wp-content/uploads/2025/02/image-83.png)
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rəhbərliyi arasında görüş keçirilib.
Mərkəzdən bildirilib ki, görüşdə institutun rektoru, professor Nodirbek Sayfullayev gələcək əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu əməkdaşlığın iki xalqın min illərdir mövcud olan mədəni əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyini söyləyib. Eyni zamanda, o, qonaqları institutun tarixi, elmi və yaradıcılıq potensialı, bu gün həyata keçirilən tədris-yaradıcılıq prosesləri, elmi istiqamətdə dəyişikliklər, bütövlükdə institutun həyatı ilə ətraflı tanış edib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Azərbaycanda özbək mədəniyyətinə və incəsənətinə böyük maraq olduğunu qeyd edərək, rəhbərlik etdiyi qurumun bugünkü fəaliyyətinin iki xalqın mədəni əməkdaşlığının daha da möhkəmləndirilməsinə və bir çox mədəni layihələrin birgə həyata keçirilməsinə yönəldiyini vurğulayıb. Bildirib ki, son illər dövlət başçılarının səyləri nəticəsində Azərbaycan və Özbəkistanın bütün istiqamətlərdə əməkdaşlığı yüksək səviyyədə davam edir, mədəni əməkdaşlıq isə minillik ənənələrə əsaslanaraq yeni səviyyəyə çıxır və bu sahədə çalışanlar üçün yeni imkanlar yaradır.
Sonda birgə konsert proqramlarının, dəyirmi masaların təşkili, tədbirlərdə əməkdaşların qarşılıqlı iştirakının təmin edilməsi, habelə Azərbaycan klassiklərinin əsərlərinin institutun səhnəsində nümayiş olunması, iki ölkənin tanınmış sənət adamlarının, xüsusən aktyorluq sahəsində tanınmış simaların qarşılıqlı ustad dərslərinin təşkili və digər məsələlər üzrə razılıq əldə olunub.