Cenevrədə yerləşən Su, Ətraf Mühit və Sağlamlıq üzrə Qlobal İnstitutunun (Global Institute for Water, Environment and Health, GIWEH) təşəbbüsü ilə Oxçuçayın Ermənistanın dağ-mədən şirkətləri tərəfindən çirkləndirilməsi problemi BMT-nin 48-ci İnsan Hüquqları Şurasının ümümi mübahisələr sessiyasında müzakirəyə çıxarılıb. Bu barədə Su, Ətraf Mühit və Sağlamlıq üzrə Qlobal İnstitutunun əməkdaşı Noah Curry çıxış edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qurumun verdiyi bəyanatda deyilir ki, GIWEH bu addımla İnsan Hüquqları Şurasının və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın Zəngilan rayonunun ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayda yaranmış ekoloji təhlükələrə və kritik duruma cəlb etmək istəyir. Qeyd edilib ki, suyun çirkləndirilməsi, tullantıların idarə edilməsi bölgədə çox ciddi bir problemə çevrilir və beynəlxalq birlik çirklənmənin qarşısının alınması və nəzarət edilməsi mexanizmini hazırlamalıdır.
GIWEH nəzərə çatdırıb ki, Rio bəyannaməsinin ikinci prinsipində “digər dövlətlərin və ya ərazilərin milli yurisdiksiyasının hüdudlarından kənarda ətraf mühitə zərər verməmək” şərti ilə sahilboyu dövlətlərin su ehtiyatlarından istifadəyə dair hüquq və vəzifələrə sahib olduqları ifadə edilib.
Qurum beynəlxalq birliyi “İnkişaf hüquqlarına və heç bir əhəmiyyətli zərər verməmək Öhdəliyinə” əsaslanan sabit və ədalətli qərarlar hazırlanmasına yardım etməyə çağırıb.