
Bakıda “Avrasiya nəqliyyat marşrutu”nun Beynəlxalq Assosiasiyasının təsis toplantısının keçirilməsi Orta Dəhlizin inkişaf tarixində əhəmiyyətli mərhələ kimi qiymətləndirilə bilər. Quruma Azərbaycanın sədrlik etməsi təkcə tranzit və logistika sahəsinə aid texniki təşəbbüs deyil, həm də Avrasiyanın iqtisadi güc xəritəsini yenidən tərtib edən geosiyasi strategiyanın başlanğıcıdır. Assosiasiyanın yaradılmasının əsas məqsədləri – Orta Dəhlizin rəqabətliliyinin artırılması, logistika zəncirlərinin vahidləşdirilməsi, normativlərin uyğunlaşdırılması və yeni yük axınlarının cəlbidir. Bu isə onu regional iqtisadi əməkdaşlığın əsas lokomitivinə çevirir.
Təbii ki, yeni assosiasiyanın yaradılmasının bir neçə əsas səbəbi var. Öncə qlobal ticarətdə struktur dəyişikliklərini vurğulamaq lazımdır. Belə ki, Çin-Avropa ticarətinin marşrutunda yaşanan böhran, Rusiya-Ukrayna müharibəsi, Qırmızı dənizdə təhlükəsizlik riski və Rusiya üzərindən keçən marşrutlara sanksiyaların tətbiq olunması Şimal Dəhlizinin effektivliyini ciddi şəkildə məhdudlaşdırıb. Bu, Çindən Avropaya yük daşımalarının təxminən 40-45%-lik hissəsini alternativ kanallar axtarmağa məcbur edib. Orta Dəhliz bu boşluğu doldura biləcək yeganə real marşrutdur. İkincisi, qlobal təchizat zəncirlərinin şaxələndirilməsidir ki, artıq ABŞ, Avropa İttifaqı və Yaponiya böyük şirkətlərə “Çinə alternativ istehsal və nəqliyyat xəritələri” yaratmağı tövsiyə edir. Bu siyasət Avrasiyada logistik mərkəzlərin yenidən qurulmasını zəruriləşdirir, Azərbaycan, Qazaxıstan və Türkiyə yeni ticarət coğrafiyasının mərkəzinə çevrilir. Enerji siyasətində “yaşıl keçid” dalğası da prosesə ciddi təsir göstərir. Avropa karbon emissiyasını azaldan qısa marşrutlara üstünlük verir. Rəqabət baxımından daha qısa və səmərəli dəhliz olan Orta Dəhliz gələcək standartlara uyğunlaşır.
Yeni assosiasiya əslində üç sahədə sistemli yenilik gətirir. Birincisi, idarəetmə və koordinasiya vahidliyi ümumi mexanizmə çevrilir. Belə ki, hazırda Orta Dəhliz üç dövlət – Azərbaycan-Gürcüstan-Türkiyə, iki tranzit ölkə – Qazaxıstan-Türkmənistan və çoxsaylı liman və dəmir yolu operatorları arasında parçalanmış idarəetmə mexanizmi ilə işləyir. Yeni Assosiasiya bu parçalanmanı aradan qaldırır, tariflərin vahidləşdirilməsi, rəqəmsal logistika sisteminin inteqrasiyası, sərhəd-keçid prosedurlarının sinxronlaşdırılması, bir pəncərə prinsipi ilə tranzit xidməti yaradır. İkincisi, Assosasiya strateji investisiya axını üçün yeni platforma təqdim edir. Çünki Orta Dəhliz yalnız nəqliyyat xətti deyil, böyük kapital axınının əsas nöqtələrindən biridir. Bu çərçivədə Bakı-Tbilisi-Qars xətti genişləndirilir, Ələt limanının 25 milyon ton yükaşırma qabiliyyəti təmin edilir, Aktau və Kurık limanları modernləşdirilir, Türkiyə üzərindən Ərzurum-Qars-Mersin dəhlizi tamamlanır. Assosiasiya bu layihələr üçün institusional çərçivə yaradır. Assosiasiya əlavə bölgələri də Orta dəhlizə cəlb etməyi planlaşdırır. Bu çərçivədə Hindistan-Fars körfəzi-Azərbaycan xətti, Mərkəzi Asiya-Qara dəniz-Avropa İttifaqı xətti, Şimali Qafqaz-Azərbaycan-Türkiyə xətti diqqət mərkəzindədir.
Azərbaycanın Assosiasiyanın sədri seçilməsi təsadüfi deyil. Çünki Azərbaycan həm Şərq-Qərb, həm Şimal-Cənub dəhlizlərinin kəsişməsində unikal mövqeyə sahibdir. Ələt limanı, Bakı-Tbilisi-Qars dəmiryolu xətti bu üstünlüyü daha da gücləndirir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan regionda təhlükəsizlik və sülh prosesinin mərkəzinə çevrilib. Bu sabitlik böyük logistika layihələri üçün əsas şərtdir. Digər tərəfdən neft-qaz kəmərləri ilə bağlı təcrübə Bakı üçün logistik inteqrasiyanı idarə etməkdə yaxşı təcrübə yaradır. Beləliklə, Orta Dəhliz qlobal güc oyununda yeni aktora çevrilir. Bakıda təsis edilən Avrasiya Nəqliyyat Marşrutu Assosiasiyası bu prosesə güclü təkan verəcək. O, ticarət axınlarını yenidən bölüşdürəcək, Azərbaycan, Türkiyə, Qazaxıstan üçlüyünü gücləndirəcək, Avropanın Çin siyasətini dəyişdirəcək, regionun geosiyasi xəritəsində yeni güc mərkəzi yaradacaq. Assosiasiya effektiv işləsə, Orta Dəhliz 2030-cu ilə qədər dünya ticarətinin 10-12 faizini öz üzərinə götürə və Qafqazı qlobal loqistik mərkəzə çevirə bilər.
MTM Analitik Qrup
