Azərbaycanda koronavirusun “omikron” ştammı aşkarlanıb. Aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-də SARS-CoV-2 21K “omikron” variantı aşkarlanıb.
Bu virus dünyanın bir çox ölkəsində yayılıb. Yeni ştamm virusun başqa növlərinə nisbətən tez yayılır. Öldürücülük təsiri isə zəifdir. Bəs, uşaqları bu virusdan necə qoruyaq?
Məsələ ilə bağlı açıqlama verən həkim-infeksionist Vüqar Cavadzadənin sözlərinə görə, ciddi narahatlığa ehtiyac yoxdur.
O bildirib ki, bu virusun öldürücülük təsiri “delta” ştammıyla müqayisədə zəifdir. Biz bunu ştammın yayıldığı ölkələrin statistikasından da görə bilərik.
“Uşaqlar bu xəstəliyi virusun digər ştamlarında olduğu kimi keçirdirlər. Əgər uşaq virusun “omikron” ştammına yoluxarsa, müalicə əvvəlki ştamların müalicəsində istifadə olunan üsullarla aparılmalıdır. Xüsusilə, uşaqların sosial məsafə saxlaması, tibbi maska taxması, kütləvi yerlərə getməməsi məsləhətdir”, – deyə V.Cavadzadə deyib.
Qeyd edək ki, bu günə olan məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 329 yeni yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb.