OMBUDSMANIN NÜMAYƏNDƏLƏRİ SURİYADAN REPATRİASİYA OLUNMUŞ ŞƏXSLƏRLƏ GÖRÜŞÜBLƏR

Azərbaycan Respublikası vətəndaşlarının Suriya Ərəb Respublikasından repatriasiyası, bu şəxslərin hüquq və azadlıqlarının qorunması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatından məlumat verilib.

Bildirilib ki, Ombudsman Aparatının nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş həmin şəxslərlə görüşərək, onların hüquqlarının təmini vəziyyəti ilə maraqlanıblar.

Görüş zamanı qadın və uşaqların psixoloji durumu öyrənilib, Aparatın nümayəndələrinə onların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində görülmüş tədbirlər barədə məlumat verilib.

Xatırladaq ki, avqustun 3-də 13-ü uşaq, 3-ü qadın olmaqla, Suriyadan daha 16 nəfər Azərbaycana gətirilib.