Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Erməni terrorunun azyaşlı qurbanları” adlı layihənin təqdimatında iştirak edib.
Ombudsman Aparatından verilən məlumata görə, tədbir zamanı Qarabağ Dirçəliş Fondu tərəfindən dünya ictimaiyyətini Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər barədə məlumatlandırmaq məqsədilə yaradılmış “Karabakh Memorial” internet resursunun təqdimatı keçirilib. Tədbirə bir sıra dövlət qurumlarının, vətəndaş cəmiyyəti təsisatlarının və ali təhsil müəssisələrinin nümayəndələri qatılıblar.
Ombudsman Səbinə Əliyeva tədbirdə “Vətən müharibəsi dövründə Ermənistan tərəfindən uşaq hüquqlarının pozulması” mövzusunda çıxış edib. S.Əliyeva çıxışında Ermənistan silahlı qüvvələrinin Naftalan, Ağcabədi, Gəncə, Tərtər, Bərdə kimi şəhər və rayonlarımızda yerləşən mülki yaşayış məntəqələrini qadağan edilmiş silahlardan atəşə tutması nəticəsində həlak olmuş və yaralanmış uşaqlar barədə danışıb.
Vurğulanıb ki, uşaqlar hərbi münaqişələr zamanı heç bir halda hədəf obyektinə çevrilməməli və müharibənin fəsadlarından əziyyət çəkməməlidirlər. Müharibə dövründə bu mövzu ilə əlaqədar, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinin raket hücumlarına məruz qalması faktları ilə bağlı Ombudsmanın müvafiq beynəlxalq təşkilatlara ünvanladığı hesabat və müraciətlər barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Ombudsman çıxışı zamanı onu da əlavə edib ki, müharibə dövründə mülki obyektlərin atəşə tutulması nəticəsində həlak olmuş uşaqların ailələri və valideynlərini itirmiş uşaqlar, həmçinin şəhid övladları ilə mütəmadi olaraq görüşlər keçirilir, onların vəziyyəti daim diqqətdə saxlanılır. Bununla yanaşı, Ermənistanın hərbi təcavüzü nəticəsində zərərçəkmiş ailə və uşaqların psixoloji sağlamlığının bərpası məqsədilə geniş fəaliyyətin həyata keçirildiyi də diqqətə çatdırılıb.