Kütləvi informasiya vasitələrində yayılmış məlumata əsasən, bu günlərdə ABŞ-da yaşayan erməni əsilli radikallar 1973-cü ildə Kaliforniya ştatında türk diplomatlarını qətlə yetirmiş erməni terrorçu Qurgen Yanikyanın fotoşəklini Azərbaycanın Los-Ancelesdəki konsulluğunun binası qarşısından asıblar.
Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın müraciətində bildirilib.
Ombudsman qeyd edib ki, bu, bir daha Ermənistanın Azərbaycana qarşı təxribatçı əməllərini xalqlar arasında dayanıqlı sülh və barışıq ideyalarının reallaşmasına maneə yaradan, qarşıdurmanı təşviq edən qızışdırıcı xarakterli nifrət dolu çağırışlarla xarici ölkələrdə də davam etdirdiyini təsdiq edir.
“Xaricdə fəaliyyət göstərən erməni diaspor təşkilatları vasitəsilə ölkəmizə qarşı milli zəmində nifrət məzmunlu zorakılıq çağırışlarını kəskin şəkildə pisləyir, Ermənistanı regionda silahlı münaqişənin yenidən alovlanmasına yönəlmiş təxribatçı əməllərdən çəkinməyə, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmət bəsləməyə, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq və dinc yanaşı yaşamaq prinsiplərinə əməl etməyə çağırıram”, – deyə o bildirib.