OMBUDSMAN: ERMƏNİ MƏTBUATINDA VƏ SOSİAL ŞƏBƏKƏDƏ AZƏRBAYCANLILARA QARŞI MƏNFİ FİKİRLƏR FORMALAŞDIRILIR

Azərbaycan Respublikasının İnsan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət siyasətinin davam etdirilməsinə növbəti dəfə münasibət bildirib.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Qeyd olunub ki, Ermənistan hakimiyyəti tərəfindən formalaşdırılmış və hazırda da davam etdirilən Azərbaycanofobiya siyasətinin nəticələri sosial şəbəkələrdə erməni istifadəçilərin şərhlərində özünü daha qabarıq şəkildə göstərməkdədir.

“Son zamanlar müxtəlif əsassız bəyanatlar verilməsi, erməni mətbuatında və sosial şəbəkə seqmentində təbliğat yolu ilə ermənilərdə Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı qatı mənfi fikirlər formalaşdırılması, sülh və birgəyaşayışın mümkün olmamasına dair fikirlərin ortaya atılması Ermənistan hakimiyyətinin Azərbaycanla sülh əldə edilməsində maraqlı olmadığını göstərir.

Hesab edirik ki, xüsusilə hazırkı postmüharibə dövründə xalqlar arasında nifrətin qızışdırılması, nifrət nitqinin geniş yayılması, insanların etnik mənsubiyyətinə görə alçaldılması kimi hallar yolverilməzdir və bu tendensiyaların qarşısının alınması üçün zəruri addımlar atılmalıdır”, – deyə ombudsman diqqətə çatdırıb.