OMBUDSMAN: DÜNYADA İNSAN HÜQUQLARININ POZULMASI HALLARI DAVAM EDİR

Bu gün Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 76-cı ildönümü qeyd olunur. 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi bəşəriyyətin hüquq və azadlıqlarının təmin olunmasında mühüm dönüş nöqtəsi olub. Bu sənədin qəbulundan sonra dövlətlərin insan hüquqlarına yanaşmasında əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər baş verib.

Bu sözləri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında söyləyib.

S.Əliyeva müasir dövrdə insan hüquqları sahəsində mövcud olan problemlərə də toxunub. O qeyd edib ki, hazırda dünyada insan hüquqlarının pozulması halları davam edir: “Məcburi köçkünlərin, qaçqınların və miqrantların sayı ilbəil artır. Bu proseslər iqlim dəyişikliyinin fəsadları, eləcə də bəzi dövlətlərin müstəmləkəçilik siyasətini davam etdirməsi ilə daha da ağırlaşır. Bu siyasətin təsirinə məruz qalan xalqlar hələ də azadlıq və ədalətin bərpası uğrunda mübarizəni davam etdirirlər”.

Ombudsman, həmçinin Azərbaycanın qlobal insan hüquqları təşəbbüslərinə verdiyi töhfələrə də diqqət çəkib: “Bu il Azərbaycan iqlim ədalətinin bərpası məqsədilə Bakı şəhərində COP29-a ev sahibliyi edib. Bu mühüm tədbir çərçivəsində iqlim dəyişikliklərinin təsirlərinin ədalətli həlli ilə bağlı vacib sənədlər qəbul olunub”.

Səbinə Əliyeva insan hüquqlarının qorunması və ədalətin bərpası istiqamətində daha böyük nailiyyətlər əldə olunacağına inamını ifadə edib.