OMBUDSMAN DAVİT BABAYANA BAŞ ÇƏKİB

Mexanizm fəaliyyəti çərçivəsində həbs edilmiş şəxslərin hüquqlarının təmin olunma vəziyyətini monitorinq edib.

Ombudsman Aparatından verilən məlumata görə, Azərbaycan Respublikası qanunvericiliyinin, o cümlədən BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolunun tələbləri əsasında keçirililmiş başçəkmə çərçivəsində təqsirləndirilən şəxs Babayan Davit Klimoviç də konfidensial qaydada qəbul edilib.

03 oktyabr 2023-cü il tarixdə keçirilmiş başçəkmə zamanı Babayan Davit Klimoviç Ombudsman tərəfindən fərdi qaydada dinlənilib, onun saxlanma şəraiti və rəftar məsələləri, qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının təmin olunma vəziyyəti araşdırılıb. Müraciətləri Ombudsman tərəfindən yerində cavablandırılıb. Şəxsi istifadə üçün eynəklə, kitabxanadan istifadə və informasiyaya çatım imkanları ilə təmin olunub.

D. Babayan saxlanma şəraitindən şikayət etməyib, müəssisəyə daxil olduğu zaman tibbi müayinədən keçdiyini qeyd edib. O, hüquqlarının müdafiəsi məqsədilə vəkillə təmin olunub.

Ombudsmanın Milli Preventiv Qrupunun ixtisasca həkim və psixoloq ekspertlərinin də iştirak etdiyi başçəkmə çərçivəsində qəbuldan sonra ona öz dilində qanunvericilik aktları, Ombudsmana müraciət imkanını izah edən nəşrlər də təqdim edilib.

Xatırladaq ki, cari il sentyabrın 29-da D.Babayan Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılarq istintaqa təqdim olunmuş və ona həmin tarixdə qeyd olunan maddələr üzrə ittiham elan edilib. David Babayan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 32.3, 114.1 (muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə etməni təşkil etmə), 32.3, 116.0.1, 32.3, 116.0.6, 32.3, 116.0.7, 32.3, 116.0.8, 32.3, 116.0.9, 32.3, 116.0.10 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2-ci (silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə), 32.3,214.2.1, 32.3,214.2.3, 32.3,214.2.4 (terrorçuluğu təşkil etmə), 283.2.1, 283.2.3-cü (milli düşmənçiliyin salınmasını təşkil etmə) və digər madələrilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmişdir.