Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda iştirak edəcək bir qrup uşaqla görüşüb.
Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı müvəkkil iştirakçılara uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib, müvafiq dövlət qurumları və vətəndaş cəmiyyəti təsisatları, eləcə də aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində tədbirlərin həyata keçirildiyini bildirib.
“Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində ombudsman tərəfindən ölkədə 20 oktyabr – 20 noyabr tarixlərində “Uşaq Hüquqları Aylığı”nın elan edildiyini və Forum iştirakçıları ilə təşkil edilmiş görüşün əlamətdar olduğunu qeyd edən Səbinə Əliyeva aylıq çərçivəsində keçirilən tədbirlərdə uşaqların geniş şəkildə iştirakının əhəmiyyətini vurğulayıb.
Görüşdə, həmçinin ombudsman uşaq hüquqlarının təmini, bu sahədə icra edilən tədbirlərlə bağlı Forum iştirakçılarının fikirlərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb, uşaqlara tövsiyələrini verib.