ÖLKƏMİZƏ QARŞI İDEOLOJİ-SİYASİ TƏXRİBATLAR QƏTİYYƏTLƏ ZƏRƏRSİZLƏŞDİRİLİR

Qlobal çağırışlar fonunda informasiya təhlükəsizliyinin təmini, ideoloji təxribatlarının aradan qaldırılması hər bir ölkənin arzuolunmaz təhdidlərdən qorunması, milli mənafelərini müdafiə etməsi, diplomatik-siyasi, təbliğati müstəvilərdə uğurlar qazanması baxımından vacib əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı bir sıra mühüm məsələlərlə yanaşı, ölkəmizin ideoloji təxribatlara və informasiya təhdidlərinə hazır olması vacibliyini xüsusi qeyd edib: “İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bununla bərabər, bu, bizi sakitləşdirməməlidir. Ona görə biz buna daim hazır olmalıyıq və bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir – bizim dostumuz kimdir, düşmənimiz kimdir. Əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir, daha başqa uzağa getmək lazım deyil”.

Dövlət başçısı İlham Əliyevin lokal antiterror tədbirlərindən əvvəl və sonra verdiyi açıqlamalar, bəyanatlar və müsahibələrlə Ermənistanın informasiya təxribatlarının qarşısının alınmasına, ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasına nail olub. Bundan əlavə, rəsmi xarici qonaqların, auditoriyaya təsir imkanları olan media qurumlarının, din xadimlərinin, QHT təmsilçilərinin, blogerlərin son illərdə azad edilmiş ərazilərə müntəzəm səfərlərinin təşkili, onların müəyyən informasiyalara əyani çıxış imkanlarının yaradılması Ermənistanın ifşası baxımından səmərəli olub. Bu ölkənin 30 ilə yaxın müddətdə ərazilərimizi kütləvi şəkildə minalaması, yaşayış məskənlərini, tarixi-dini abidələri dağıtması, Oxçuçay və digər çayları, torpaq sahələrini kimyəvi zəhərləməyə məruz qoyması, flora və faunanı məhv etməsi ilə bağlı çoxsaylı faktlar müxtəlif beynəlxalq təşkilatların diqqətinə çatdırılıb.

Bu gün Qarabağ ermənilərinin guya etnik təmizləməyə məruz qaldığını iddia edən, bununla əlaqədar əsasız bəyanatlar verən Qərb dövlətlərinin rəhbərlərinin Ermənistanın 30 ilədək işğal altında saxladığı ərazilərdəki yaşayış məskənlərini dini-mədəni abidələri vandallıqla dağıtmaları, ekoloji cinayətlərinə göz yummaları aşkar ədalətsizlikdir. Fransa, Niderland, Kanada və digər bir sıra ölkələrin Azərbaycanın apardığı haqq mübarizəsinin mahiyyətinə kölgə salmaq, dünya ictimaiyyətində azərbaycanlılar və türklər barədə mənfi rəy formalaşdırmaq, informasiya cəbhəsində Ermənistanın üstünlüyünü təmin etmək cəhdləri iflasa uğrayıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz lokal antiterror tədbirlərindən sonra regionda yaranmış yeni siyasi reallıqları əksər Avropa və dünya ölkələrinə qəbul etdirib.

Rəsmi Bakı türkdilli ölkələrin diaspor təşkilatlarının və media qurumlarının qlobal informasiya və ideoloji təhdidlərə qarşı birgə mübarizə aparması, hücum strategiyası yürütməsi vacibliyini dəfələrlə diqqətə çəkib. TDT ölkələrinin media və diaspor qurumları arasında əməkdaşlığın genişləndirilməsi, ilk növbədə, sosial şəbəkə və qlobal informasiya platformalarında özünü göstərən təhdidlərlə, habelə dezinformasiyalara qarşı mübarizənin gücləndirilməsinin vacibliyi ilə şərtlənir. Bu əməkdaşlıq diaspor və lobbi təşkilatlarının fəaliyyətinin kordinasiyası, informasiya təhlükəsizliyi sahəsində səylərin gücləndirilməsi, mümkün təhdidlərə qarşı səmərəli mübarizənin təşkili nöqteyi-nəzərindən də əhəmiyyətlidir.

Son illərdə Bakıda, İstanbulda, Şuşada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin toplantılarının keçirilməsi bu istiqamətdə mühüm addımlar olub. Bu günlərdə Özbəkistanda keçirilən “Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda Azərbaycan-Özbəkistan Media Forumu da bu baxımdan əhəmiyyətlidir. 

Türkdilli ölkələrin xarici siyasət doktrinası və milli maraqları ilə bağlı mövzuların daim xüsusi diqqət mərkəzində saxlanılmasına, bu istiqamətdə birgə təbliğat hədəflərinin müəyyənləşdirilməsinə ehtiyac duyulur. Unutmaq olmaz ki, sarsıdıcı məğlubiyyətə düçar olmuş Ermənistanın xaricdə formalaşdırdığı diaspor və lobbi təşkilatları hazırda nəinki Azərbaycana və Türkiyəyə, ümumən türk dünyasına qarşı qərəzli təbliğat aparırlar. Bu baxımdan TDT ölkələrinin diaspor və lobbi qurumlarının, eləcə də mediasının vahid strategiya və hədəflər əsasında saxta erməni iddialarına qarşı səylərini gücləndirməsi, səmərəli əks-hücum həyata keçirməsi zəruridir.

MTM Analitik Qrup