SON DÖRD İLİN GÖSTƏRİCİLƏRİNƏ GÖRƏ, ÖLKƏ ÜZRƏ FƏALİYYƏT GÖSTƏRƏN BANKLARIN ÜMUMİ XALİS MƏNFƏƏTİ HƏR İL ARTIB

Mərkəzi Bankın və ölkədə fəaliyyət göstərən (25 bank) bankların rəsmi saytlarından əldə olunan məlumatlara görə, 2022-ci ildə ümumilikdə bank sektorunun gəliri xeyli artıb. Belə ki, sözügedən dövrdə banklar 3 954 817 173 manat gəlir əldə edib ki, bu da 2021-ci il ilə müqayisədə 32,6% çoxdur. Artıma səbəb bankların faizlərdən əldə etdiyi gəlirlərdir.   

Son 4 ilin göstəricilərinə baxsaq, burada azalmanın yalnız 2020-ci ildə qeydə alındığını görərik.

2022-ci ildə bankların gəlir göstəricilərinə diqqət etsək, həmin dövrdə yüz milyon manatdan çox gəlir əldə edən banklar sırasında ilk yeri kəskin fərqlə Kapital Bank tutub.  Belə ki, Kapital Bank 2022-ci ildə 1 003 289 000 manat gəlir əldə etməklə 1 milyardın üzərində gəlir əldə edən yegənə yerli bank olub.

Məlumat üçün bildirək ki, Kapital Bankın gəlir göstəriciləri ölkə üzrə bütün bank gəlirlərinin 25,37%-ni təşkil edib. Bankın ümumi gəlirinin 60,7%-ni faiz gəlirləri, digər hissəsini isə qeyri-faiz gəlirləri təşkil edib.

2022-ci ildə yüz milyon manatdan çox gəlir əldə edən ikinci bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. ABB-nin 780 239 760 manat məbləğində illik gəliri ölkə üzrə bütün bank gəlirlərinin 19,73%-ni təşkil edib.

İlk üçlüyü 497 974 000 manat illik gəlir ilə Paşa Bank tamamlayıb. Paşa Bankın illik gəlir göstəriciləri fəaliyyətdə olan 25 yerli bankın ümumi gəlirlərinin 12,59%-ni təşkil edib.

Qeyd edək ki, ilk üçlükdə yer alan Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı və Paşa Bankın birlikdə ümumi gəlirləri ölkə üzrə bank gəlirlərinin 57,7 %-ni təşkil edir.

Qeyd edək ki, il ərzində 100 milyon manatdan az gəlir əldə edən digər yerli bankların göstəricilərinin cəmi sonuncu sırada – “Digər” bölümündə yer alıb.

Son dörd ilin göstəricilərinə görə, ölkə üzrə fəaliyyət göstərən bankların ümumi xalis mənfəəti hər il artıb. Ən yüksək artım 50,2% ilə 2022-ci ildə qeydə alınıb. Həmin il yerli bankların ümumi gəliri 914 472 846 manat təşkil edib. Bu da dörd il əvvəlki göstəricilərlə müqayisədə 70,3% çoxdur. Ümumilikdə son dörd ildə ölkə üzrə fəaliyyət göstərən banklar cəmi 2 628 197 458 manat xalis mənfəət əldə ediblər.

Kapital Bank 2022-ci ildə ölkə üzrə yerli bankların xalis mənfəət göstəricilərinə görə də ilk pillədədir. Ölkə üzrə yerli bankların ümumi mənfəət göstəricilərinin 33,68%-ni təşkil edən bankın 2022-ci ildə xalis mənfəəti 308 047 000 manat təşkil edib.

ABB 254 379 520 manat xalis mənfəətlə ikinci, Paşa Bank 149 394 000 manat xalis mənfəətlə üçüncü yerdə qərarlaşıb. ABB-nin xalis mənfəəti ölkə üzrə yerli bankların ümumi mənfəətinin 27,82 %-ni təşkil edib.

Məlumat üçün bildirək ki, xalis mənfəəti 25 milyon manatdan aşağı olan bankların ümumi göstəriciləri cədvəldə “Digər” adı ilə qeyd olunub.

2022-ci ildə 1 milyondan az mənfəət göstəricilərinə malik olan yerli bankların siyahısına diqqət etsək 557 000 manat xalis mənfəətlə Unibankı, 490 370 manat nəticə ilə Günaybankı, 56 650 manat xalis mənfəətlə Muğanbankı və – 4 975 000 manat göstərici ilə ili zərərlə bitirən Bank BTB-ni görə bilərik. İl ərzində əldə etdiyi gəlir göstəricilərinə görə 25 bank arasında 20-ci olan Bank BTB 2022-ci ildə 32 milyon manat gəlir əldə etsə də, xərclərinin çox olmasına görə ili zərərlə yekunlaşdıran yeganə bank olub.  

Kapital Bank 2022-ci ildə ölkə üzrə ən çox filialları olan bank göstəricilərində də liderliyini  qoruya bilib. Azərbaycan Beynəlxalq Bankı 67 filialla ikinci pillədə qərarlaşıb. Bu, Kapital Bankın filial sayından təxminən 2 dəfə azdır. 

Bir filial sayı ilə AccessBankı qabaqlayan Bank Respublika üçüncü pillədə yer alıb.