ÖLKƏDƏ İCTİMAİ-SİYASİ SABİTLİYƏ YÖNƏLƏN İSTƏNİLƏN TƏHDİD UĞURSUZLUĞA MƏHKUMDUR

Azərbaycanın müstəqil siyasət yürütməsi, maraqlarını əzmlə müdafiə etməsi, iqtisadi cəhətdən güclənməsi, daxildəki ictimai-siyasi sabitlik, dini-etnik zəmində hansısa problemin olmaması anti-Azərbaycan şəbəkəni və bəzi xarici qüvvələri ciddi narahat edir. Ərazi bütövlüyü və suverenliyini təmin edən ölkəmiz milli təhlükəsizliyinə yönəlmiş istənilən geosiyasi təhdidi zamanında aşkarlayır, qətiyyətli və sərt tədbirlərlə aradan qaldırır.

Azərbaycan dünyada dini-milli tolerantlığın, vicdan azadlığının yüksək səviyyədə təmin olunduğu, multikultural dövlət kimi tanınır. İnsan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatların hesabatlarında ölkədə müxtəlif dini konfessiyalar arasındakı münasibətlərin yüksək səviyyədə olduğu, dini azlıqların maraq və mənafelərinin qorunduğu razılıqla bildirilir. Respublikamızda din dövlətdən ayrı olsa da, dünyəvi dövlət quruluşu dini dəyərlərin inkişafı naminə atılan addımlarla, habelə xalqın qəlbində yer tapmış İslami dəyərlərlə qətiyyən ziddiyyətə girmir.

Şübhəsiz, hər hansı səmavi din terrora və terrorçuluğa haqq qazandırmadığı kimi, terrorçunun dini, milləti, vətəni də olmur. Müstəqillik illərində Azərbaycanda din pərdəsi altında gizlənən, müəyyən xarici qüvvələrin ekstremist, məkrli niyyətlərinin icraçısına çevrilən, ictimai-siyasi sabitliyi müxtəlif yollarla pozmağa çalışan qüvvələr zaman-zaman ifşa olunub, barələrində qanuni ölçülər götürülüb. Son 15 ildə bəzi ölkə vətəndaşlarının qeyri-qanuni yollarla Yaxın Şərqə, Suriyaya getməsi, terrorçu qruplaşmaların tərkibində vuruşmaları, onların Azərbaycana qayıtmış müəyyən qisminin həbs olunması deyilənləri bir daha sübut edir.

Onu da xatırlatmaq lazımdır ki, hələ 2015-ci ildə paytaxtın Nardaran qəsəbəsində, 2018-ci ildə Gəncə şəhərində törədilən dini-ekstremist mahiyyətli zorakılıqların, terror hadisələrinin Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq niyyəti güdən bəzi dövlətlərlə bağlılığı real faktlar əsasında təsdiqini tapıb. 2023-cü il martın 28-də Milli Məclisin deputatına qarşı sui-qəsd faktı dövlətçiliyi təhdid etməyə uğursuz cəhdlər edən bəzi xarici qüvvələrin destruktiv xarakterini, ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş təxribatçı addımlarını çılpaqlığı ilə ortaya qoyub.

Dövlət Təhlükəsizliyi Xidmətinin son illərdə ölkəmizə qarşı yaradılan çoxsaylı casus şəbəkələrini, terrorçu qruplaşmaları ifşa edərək zərərsizləşdirməsi bu təxribatçı fəaliyyətin miqyası barədə müəyyən təsəvvür yaradır. Mütəmadi olaraq açıqlanan faktlar göstərir ki, sosial şəbəkələr üzərindən fəaliyyət göstərən müəyyən qruplar bəşəri insan hüquqlarına və Azərbaycanın Konstitusiyasına zidd olan, dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılmasına çalışırlar. Ölkə vətəndaşlarının gizli şəkildə qanunsuz hərbi qruplaşmalara cəlb olunması, onların maliyyələşdirilməsi, fəaliyyətlərinin istiqamətləndirilməsi, ölkəmizin dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi faktları deyilənləri təsdiq edir.

Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının bu günlərdə birgə həyata keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri ilə Qusar rayonunda “Meşə qardaşları” adlı qanunsuz silahlı qruplaşmanın bir qrup üzvünün zərərsizləşdirilməsi və saxlanılması təsdiqləyir ki, beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması hər zaman aktual və zəruridir. Xatırlatmaq lazımdır ki, ölkənin güc strukturları hələ 2007-2010-cu illərdə adı çəkilən terror qruplaşmasına qarşı bir sıra uğurlu əməliyyatlar həyata keçiriblər.

Həyata keçirilmiş son əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları” adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş bir qrup şəxsin Qusar ərazisində terror aktları hazırlamaları, rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, həmin  sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub. Görülmüş təxirəsalınmaz tədbirlərlə dəstə üzvlərinin yeri müəyyənləşdirilib, silahlı müqavimət göstərənlər zərərsizləşdirilib və saxlanılıb.

Aşkar görünür ki, terror aktları törətməyi planlaşdıran qanunsuz silahlı qrupun məqsədi ölkədə ictimai təhlükəsizliyi pozmaqla cəmiyyətdə xof və vahimə yaratmaq, dini ekstremizm meyillərinin baş qaldırmasına çalışmaq, ümumən ictimai-siyasi sabitliyi pozmaq olub. Son hadisələr Azərbaycan dövlətinin həyata keçirdiyi qətiyyətli siyasəti həzm edə bilməyən xarici və daxili qüvvələrin terror yoluna üz tutduğunu göstərir. Ölkəmizi müstəqil xarici siyasətindən müxtəlif yollarla döndərməyə uğursuz cəhdlər edən müəyyən dairələr son vaxtlar bu cəhdlərin mənasızlığını aydın dərk edərək, insanlığa qarşı yönəlmiş açıq destruktiv “mübarizə vasitələri”ə – planlaşdırılmış terrora əl atmaqdan belə çəkinmirlər.

Son hadisələr göstərir ki, bu gün cəmiyyətdə din pərdəsi altında müəyyən dövlətlərin əlində vasitəyə çevrilən, cəmiyyətdə xaosun və kataklizmlərin yaranmasına çalışan destruktiv qüvvələr hələ də mövcuddur. Buna baxmayaraq, ölkənin hüquq-mühafizə orqanlarının ilk gündən qanunçuluğun bərpası, terrorçuluğa qarşı mübarizə sahəsində həyata keçirdikləri qətiyyətli tədbirlər deməyə əsas verir ki, ictimai-siyasi sabitliyi pozmağa, dövlətin demokratik imicinə xələl gətirməyə, qəsdən qarşıdurma yaratmağa xidmət edən bütün zorakı cinayət əməlləri, indiyə qədər olduğu kimi, bundan sonra da nəticəsiz qalacaq. Bu gün Azərbaycan ictimai asayişin etibarlı şəkildə təmin olunması, kriminogen vəziyyətin nəzarətdə saxlanması, cinayətkarlığın bütün növlərinə qarşı mübarizənin səviyyəsi, əhalinin hər yüz min nəfərinə düşən cinayətlərin sayının azlığına görə nəinki MDB məkanında, ümumilikdə bütün Şərqi Avropa bölgəsi üzrə ən nümunəvi dövlətlərdən sayılır.

Hər hansı təxribat cəhdi ilə vətəndaşların dövlətə və hakimiyyətə olan etimadını zəiflətmək, ölkədə kriminogen vəziyyətin gərginləşməsinə nail olmaq qətiyyən mümkün deyil. Yaxın tarixi keçmişimiz də sübut edib ki, dövlətçiliyə edilmiş bütün cinayətkar qəsdlər hakimiyyət-xalq birliyi sayəsində fiasko ilə nəticələnir. Xalqın dəstəyinə arxalanan ölkə iqtidarı bu cəhdlərin qarşısını qətiyyətlə almağa, uzun illər ərzində formalaşmış möhkəm ictimai-sabitliyi bundan sonra da əzmlə qoruyub saxlamağa, dövlətçiliyi sarsıtmağa, onun imicinə zərbə vurmağa çalışan destruktiv qüvvələri zərərsizləşdirməyə tam qadirdir.

MTM Analitik Qrup