
Ermənistan rəhbərliyi real əsaslara söykənməyən “sülh çağırışları” ilə ənənəvi riyakarlığa yol verir, prosesin uzanmasının məsuliyyətini yenə də Azərbaycanın üzərinə atmağa çalışır. Bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanın iranlı həmkarı ilə birgə mətbuat konfransında Azərbaycanı guya yekun sülh sazişində əksini tapmayan yeni şərtlər irəli sürməkdə ittiham etməsi də deyilənləri bir daha təsdiq edir.
Rəsmi Bakı İkinci Qarabağ müharibəsindən sonra regionda qalıcı sülhün əldə edilməsi, sülh danışıqlarının uğurla yekunlaşması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməsinin və ATƏT-in Minsk qrupunun ləğvinin mühüm şərtlər sırasında olduğunu bəyan edib. Xatırladaq ki, Prezident İlham Əliyev yanvar ayında yerli televiziya kanallarına müsahibəsində rəsmi Bakının bununla bağlı haqlı tələbini növbəti dəfə diqqətə çatdırıb.
Əslində, Ermənistan xarici işlər naziri də yaxşı bilir ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müddəaların aradan qaldırılması, habelə Minsk Qrupunun rəsmən ləğvi tələbi son iki il yarımda danışıqlar prosesinin vacib mövzuları sırasında olub. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası fonunda tarixin arxivinə gömülmüş ATƏT-in Minsk qrupunun ləğvinə razılıq verməməsi rəsmi İrəvanın sülh bəyanatlarında səmimi olmamasının göstəricisidir. Ermənistan bu məsələni uzatmaqla bir tərəfdən beynəlxalq ictimaiyyətdə guya münaqişənin həllini tapmaması barədə saxta təsəvvür yaratmağa çalışır, digər tərəfdən ölkəmizə qarşı ərazi və digər iddialarından əl çəkmədiyini nümayiş etdirir.
Azərbaycanın digər şərtini – Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbini xeyli müddət qəbul etməyən rəsmi İrəvan bu istiqamətdə müəyyən addımlar atmağa məcbur olub. Lakin Nikol Paşinyan hakimiyyəti yeni konstitusiyanın 2026-cı ilin sonuna kimi hazır olacağını bəyan edir ki, bu da yaxın perspektivdə yekun sülh sazişinin imzalanmasının mümkünsüz edir. Belə ki, Ermənistan konstitusiyasının əsas istinadgahı olan 23 avqust 1991-ci il tarixli Müstəqillik Bəyannaməsinin preamblua hissəsində keçmiş Ermənistan Sovet Sosialist Respublikası və qondarma Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan Sovet Sosialist Respublikası ilə Dağlıq Qarabağın birləşdirilməsi haqqında” qeyri-hüquqi, qondarma qərarına istinadın edilməsi sülh prosesi ciddi əngəllərdən biridir.
Qeyd edilənlər Azərbaycanın, eləcə də qardaş Türkiyənin ərazi bütövlüyünə qarşı yönəldiyindən, rəsmi Bakı haqlı olaraq həmin elementlərin ləğvini və aradan qaldırılmasını rəsmi İrəvan qarşısında ciddi tələblərdən biri kimi müəyyənləşdirib. Ermənistan rəsmilərinin əsassız iddialarına rəğmən, rəsmi Bakının bu tələbləri qətiyyən yeni deyil. İki ölkənin xarici işlər nazirlərinin 2023-cü ilin yanvar ayında ABŞ-da keçirdikləri görüş zamanı rəsmi Bakı bu tələblərini bir daha qarşı tərəfin nəzərinə çatdırıb.
Ermənistanın ali hüquqi sənədində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının mövcud olduğu bir vəziyyətdə rəsmi İrəvanın özünü “sülh göyərçini” kimi göstərmək cəhdləri aşkar siyasi manipulyasiyadır. Azərbaycanın Xarici İşlər Nazirliyinin 31 mart soyqırımı ilə əlaqədar bəyanatında qeyd olunduğu kimi: “Azərbaycan törədilən cinayətlərin günahkarlarının hüquqi məsuliyyətə cəlb edilməsi üçün milli və beynəlxalq səylərini davam etdirməklə yanaşı, bölgədə dayanıqlı sülhün qurulması üçün Ermənistanın ölkəmizə qarşı davam edən ərazi iddialarına son qoyulması tələbində qəti və dönməzdir”.
Ermənistan rəhbərliyinin son günlərdə atəşkəsin pozulması hallarını üzərindən atmağa çalışması da rəsmi İrəvanın ənənəvi ritorikadan çıxa bilmədiyini, Azərbaycanı “eskalasiyaya hazırlaşan” tərəf kimi təqdim etmək cəhdlərinin təzahürüdür. Ənənəvi yalanları davam etdirən Ermənistan rəsmiləri bildirirlər ki, guya Ermənistanın 200 kvadratkilometr ərazisini nəzarətində saxlayan Azərbaycan növbəti hərbi toqquşmalara hazırlaşır. Əslində bu iddialar yeni də deyil, son iki ildə Ermənistan mediasında Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planlarını reallaşdırmaq üçün guya “hücuma hazırlaşdığı” iddia olunub.
Sülhə maneə yaradan digər amil isə odur ki, sözdə sülhpərvər bəyanatlar verən rəsmi İrəvan kütləvi silahlanmanı davam etdirir, bir sıra ölkələrdən silah-sursat, hərbi texnika alır. Hərbi xərclərini 2025-ci ildə daha 20 faiz artıran rəsmi İrəvanın Bakının haqlı tələblərini “gərginlik yaratmaq cəhdi” kimi şərh etməsi tamamilə absurdddur. Ermənistan son illərdə üzləşdiyi bütün uğursuzluqlara rəğmən, əsassız iddialarından, bəzi revanşist yanaşmalarından əl çəkmir, öhdəliklərinin icrasını yubadır. Qarabağ separatçılarının Bakıda beynəlxalq normalara keçirilən məhkəmə prosesinin qərəzli şəkildə siyasiləşdirilməsi də iki ölkə arasında etimadsızlığı dərinləşdirir.
Rəsmi İrəvanın tələm-tələsik yekun sülh sazişini imzalamaqla, özünü “sığortalamaq”, müəyyən öhdəliklərindən yayınmaq niyyəti güddüyü rəsmi Bakıya yaxşı məlumdur. Məhz bu səbəbdən də ölkə rəhbərliyi münaqişə səhifəsinin birdəfəlik qapadılması üçün prinsipial və haqlı şərtlərinin Ermənistan tərəfindən icrasını vacib sayır. Belə ki, bir sıra prinsipial məsələlərin açıq qalması, problemli məsələlərin zamanında həllini tapmaması gələcəkdə regionda yeni gərginlik dalğasının yaranması ilə nəticələnə bilər.
MTM Analitik Qrup