NYU-YORKDAKI TÜRK EVİ HÜCUMA MƏRUZ QALIB

Türkiyənin BMT yanında daimi nümayəndəliyinin və Nyu-York Baş konsulluğunun yerləşdiyi Türk evinin binası hücuma məruz qalıb.
Anadolu agentliyi xəbər verir ki, ötən gecə naməlum şəxs dəmir lomla binanın birinci mərtəbəsində pəncərə şüşələrini sındırıb.
Ondan çox pəncərə şüşəsinin sındığı binanın fotosunu nümayiş etdirən TGRT telekanalı hücumun “terrorçuların tərəfdarları” tərəfindən həyata keçirildiyini bildirib. Türkiyə tərəfi Nyu-York polisi ilə əlaqə saxlayıb. Binanın ətrafında təhlükəsizlik kordonu qurulub, araşdırmalara başlanılıb.
Qeyd edək ki, Türk evi Nyu-Yorkun Manhetten rayonunda BMT-nin mənzil-qərargahı ilə üzbəüz yerləşən 36 mərtəbəli göydələndir. Türkiyənin sifarişi ilə tikilən bina 2021-ci ildə istifadəyə verilib. Burada, həmçinin müxtəlif türk təşkilatları yerləşir.