NURLANA MƏMMƏDZADƏ: BU CÜR TURNİRLƏR KİÇİK YAŞLI İDMANÇILARIN YARIŞ AB-HAVASINI HİSS ETMƏSİNƏ KÖMƏK EDƏCƏK

“Üç gün bədii gimnastika ailəsinin diqqəti Quba şəhərinə yönəlmişdi”.

Bu sözləri Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Quba şəhərində keçirilən “Grace of Nature” turnirinin yekunu barədə jurnalistlərə açıqlamasında deyib. O, yarışda paytaxt Bakı ilə yanaşı, on yeddi bölgədən olan gimnastların mübarizə apardığını diqqətə çatdırıb:

“On yaş qrupu A və B kateqoriyalarına bölünmüşdü. Burada həm fərdi, həm də qrup hərəkətləri komandalarının çıxışları oldu. Yaş qruplarından asılı olaraq alətlər də fərqlənirdi. Düşünürəm ki, bu cür turnirlər kiçik yaşlı idmançıların yarış ab-havasını hiss etməsinə kömək edəcək”.

Onun sözlərinə görə, idman insanlarda intizam hissini daha da inkişaf etdirir: “Biz bunu mükafatlandırılma mərasimi zamanı gənc gimnastların səliqəli şəkildə düzülməsindən görə bilərik. Hər şey nizam-intizamdan, idman isə gimnastikadan başlayır”.

Qeyd edək ki, “Grace of nature” turnirində paytaxt Bakı ilə yanaşı, 17 bölgədən olan bədii gimnastlar mübarizə aparıblar.