NOYABRIN 5-DƏ VƏ 6-DA PAYTAXTIN BƏZİ KÜÇƏ VƏ PROSPEKTLƏRİNDƏ NƏQLİYYATIN HƏRƏKƏTİ TAM MƏHDUDLAŞDIRILACAQ

8 Noyabr – Zəfər Günü ilə əlaqədar keçiriləcək tədbirə hazırlıq məqsədilə noyabrın 5-də və 6-da səhər saat 10:00-dan 16:00-dək paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətində qeyd olunub.

Məhdudiyyət tətbiq ediləcək küçə və prospektlərin siyahısı:

– Bakı Su İdman Sarayından, Teleteatr binasının yanından və Şeyx Şamil küçəsindən “Azneft” dairəsi istiqamətinə;

– Neftçilər prospekti, Z.Əliyevə, Ü.Hacıbəyli və 8 Noyabr prospektinin bir hissəsi;

– Ağ Şəhər Bulvarı, X. Rüstəmov küçəsindən Y. Səfərov küçəsinə qədər.

Paytaxtın cənub giriş qapısından sürücülər “Azneft” və “Neftçilər” dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla “20 Yanvar” və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət edə bilərlər.

Eyni zamanda, 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanların qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.

Şəhərin mərkəzindən Xətai və Nizami rayonlarına doğru hərəkət etmək istəyən sürücülər Ş. Bədəlbəyli, Azadlıq prospekti, Nizami və Y. Səfərov küçələrindən keçməklə hərəkət edə bilərlər. H. Əliyev prospektindən Yasmal və digər istiqamətlərə gedən sürücülər isə Y. Səfərov küçəsindən keçməklə “28 May”, R.Behbudov, Fizuli və A. Şaiq küçələrindən hərəkət edərək keçə bilərlər.

Əlavə olaraq bildirək ki, məhdudiyyət tətbiq ediləcək küçə və prospektlərin giriş və çıxışlarında DYP əməkdaşları tərəfindən xidmət təşkil edilərək, nəqliyyat vasitələri alternativ istiqamətlərə yönləndiriləcək.

Yol hərəkəti iştirakçılarından qeyd edilən məhdudiyyətləri nəzərə alaraq fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur.