NÖVBƏTİ ZABİT TƏKMİLLƏŞDİRMƏ KURSUNU UĞURLA BİTİRƏN DİNLƏYİCİLƏRƏ SERTİFİKATLAR VERİLİB

İyulun 8-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində növbəti zabit təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edənlər müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, müxtəlif ixtisaslar üzrə keçirilən növbəti zabit təkmilləşdirmə kursunun uğurla başa çatdığını vurğulayıblar. Bildirilib ki, zabitlər keçirilən kurs müddətində yiyələndikləri ixtisaslar üzrə bilik və bacarıqlarını daha da artırıb və bunun nəticəsidir ki, kurs zamanı qarşıya qoyulan tapşırıqların icrasında dinləyicilər yüksək peşəkarlıq nümayiş etdiriblər.

Çıxış edənlər hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında təkmilləşdirmə kurslarının əhəmiyyətindən danışılıb, zabitlərə gələcək xidmətlərində uğurlar arzulayıblar.

Dinləyicilər göstərilən diqqət və qayğıya görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, kursda qazandıqları yeni taktiki bilik və bacarıqları xidmət yerlərində uğurla tətbiq edəcəklərinə söz veriblər.

Kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulduqdan sonra kursu uğurla bitirən dinləyicilərə sertifikatlar təqdim edilib.

Tədbirin sonunda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.