NÖVBƏDƏNKƏNAR PARLAMENT SEÇKİLƏRİNƏ YÜKSƏK MARAQ GÖSTƏRİLİR

Demokratiyanın inkişafında və yaşadılmasında ən mühüm rol oynayan vasitələrdən biri seçkilərdir. Seçkilərdə iştirak, səsvermə vətəndaşların üçün siyasi proseslərdə birbaşa iştirakın ən geniş yayılmış formalarından biridir. O, fərdlərə öz ölkələrinin idarə edilməsində söz sahibi olmaq və dövlət siyasətinə təsir etmək imkanı yaradır. Azərbaycanda cari ilin sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qeyd edilənlər kontekstində cəmiyyətin yüksək maraq və diqqəti mühüm hal hesab olunur.

Ümumiyyətlə, Azərbaycan cəmiyyəti yüksək siyasi mədəniyyətə malik olduğundan, ölkəmizdə seçkilərdə iştirak səviyyəsi daim yüksək rəqəmlərlə ifadə edilib. Növbədənkənar parlament seçkilərində yenə iştirakçılıq səviyyəsinin kifayət qədər yükək olacağı proqnozlaşdırılır. Bunu şərtləndirən mühüm səbəblərdən biri də budəfəki parlament seçkilərinin ölkənin yeni müstəqillik tarixində ilk dəfə olaraq, bütün Azərbaycan ərazilərini əhatə etməsidir. Artıq işğaldan azad edilən ərazilərdə seçki məntəqələrinin yaradılması prosesi ilə bağlı müvafiq işlər görülüb. Tezliklə, həmin yerlərdə də namizədlərin seçiciləri ilə görüşü, təbliğat, təşviqat kampaniyasına başlanacaq. Bu, seçkilərə marağı daha da artıran vacib məqamlardan biri hesab olunur;

Seçkilərdə namizəd kimi iştirak edənlərin və buna hazırlaşanların sayı yenə yüksək rəqəmlərlə ifadə olunur. Namizədlərin qeydiyyatına hələ xeyli vaxt qalmasına rəğmən, artıq yüzlərlə şəxs seçki yarışına qatılmaq məqsədilə sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Prosesin sonunda namizədlərin sayının bir neçə min nəfər olacağı proqnozlaşdırılır.

Daha bir önəmli məqam fərqli ideologiyaları rəhbər tutan müxtəlif siyasi partiyaların, o cümlədən müxalifətin radikal qanadında yer alan qüvvələrin seçkilərdə iştirakıdır. Artıq bir çox müxalif siyasi partiyalar da seçkilərdə iştirak niyyətlərinin reallaşdırılması istiqamətində müvafiq addımlar atırlar. Vacib nüanslardan biri də gənclərin həm siyasi fəallığının, həm də seçkilərə marağının artmasıdır. Təbliğat və təşviqat üçün kampaniyalara başlanıldıqdan sonra ölkə cəmiyyətində seçkilərə daha yüksək maraq oyanacağı, diqqət göstəriləcəyi də şübhəsizdir.

Əvvəlki ümumxalq seçkilərində olduğu kimi bu dəfə də proses çoxsaylı beynəlxalq müşahidəçilər tərəfindən izlənəcək.  Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsi üçün Mərkəzi Seçki Komissiyası 26 ölkənin seçki qurumunu Azərbaycana dəvət edib. Bundan başqa, seçkilərin gedişini çoxsaylı yerli müşahidəçilər, vətəndaş cəmiyyətinin, yerli və xarici media subyektlərinin təmsilçiləri də izləyəcəklər.

Ölkəmizdə seçkilərin dürüstlüyü, bərabər rəqabət mühitinin və güclü demokratik təsisatların mövcudluğu da prosesə aktivlik baxımından təsirsiz ötüşmür. Ümumiyyətlə, mövcud seçki sistemi inklüzivliyi və plüralizmi təşviq edir. Beləliklə, budəfəki parlament seçkilərinin də yüksək fəallıqla baş tutacağı, Azərbaycanın ictimai-siyasi həyatında növbəti mühüm hadisə olacağı şübhə doğurmur.

MTM Analitik Qrup