
Ermənistan istiqamətində yüklərin tranzitinə qoyulmuş məhdudiyyətlərin ləğvi ilə bağlı qərara görə Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm .
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan 5-ci Tbilisi İpək Yolu Forumunda çıxışında deyib.
“Regionda və onun hüdudlarından kənarda sülhə, sabitliyə və rifaha töhfə vermək məqsədilə, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət prinsipi əsasında biz elə prinsiplərdən çıxış edirik ki, onlar Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikasının ərazisindən keçməklə maneəsiz əlaqəni, eyni zamanda Ermənistan Respublikasının beynəlxalq və daxili tranziti üçün qarşılıqlı faydaları nəzərdə tutur”, – deyə o bildirib.
Ermənistanın Baş naziri qeyd edib ki, bu istiqamətdə Azərbaycan mühüm addım atıb.
“Prezident İlham Əliyev yaxınlarda Azərbaycan ərazisindən Ermənistan istiqamətində keçən yüklər üçün tranzit məhdudiyyətlərin aradan qaldırıldığını elan etdi. Bu, son dərəcə vacib bəyanatdır və mən bu qərara görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirmək və bu bəyanatı alqışlamaq istərdim”, – deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə bmətbuata birgə bəyanatda xüsusilə vurğulayıb ki, Azərbaycan işğal dövründən bəri mövcud olan Ermənistan istiqamətində yük tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırıb.
“Həmçinin deməliyəm ki, Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”,- deyə Prezident İlham Əliyev vurğulayıb.