NİKOL PAŞİNYAN AZƏRBAYCANLA SƏRHƏDİN DELİMİTASİYASINI DAYANDIRMAYACAĞINI BİLDİRİB

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin tələblərinə baxmayaraq, Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bildirib.

Nikol Paşinyan bu barədə mətbuat konfransında bildirib.

“Əgər mən arxiyepiskopların, katolikosların və başqalarının tələblərini yerinə yetirsəm və delimitasiyanı dayandırmaq göstərişi versəm, nə baş verəcək? Müharibə başlayacaq. Bu müharibə bir neçə mənada legitim olmayacaq”, – deyə o vurğulayıb.

Ermənistan müxalifəti baş naziri Azərbaycana birtərəfli qaydada güzəştə getməkdə təqsirləndirir. Onlar hesab edirlər ki, 1990-cı illərdən Ermənistanın nəzarətində olan dörd kəndin Azərbaycana verilməsi qəbuledilməzdir.

Xatırladaq ki, delimitasiya prosesi başlayandan sonra İrəvanda və sərhəddəki Tavuş bölgəsində etiraz aksiyaları keçirilib.