NİGERİYADA TERROR AKTLARI NƏTİCƏSİNDƏ AZI 18 NƏFƏR HƏLAK OLUB

Nigeriyanın şimal-şərq bölgəsində terrorçu kamikadzelər tərəfindən törədilən çoxsaylı partlayışlar nəticəsində uşaqlar və bir hamilə qadın da daxil olmaqla azı 18 nəfər həlak olub.

Xarici media xəbər verir ki, bu ölkənin Borno əyalətinin Fövqəladə Hallar İdarəsinin rəhbəri Barkindo Saidu verdiyi açıqlamada əyalətin şimal-şərqindəki Qvoza şəhərində dəfn və nikah mərasimlərində insan kütləsini hədəf alan kamikadzelərin partlayıcıları işə saldığını bildirib. O əlavə edib ki, üçüncü partlayış Nigeriya-Kamerun sərhədində yerləşən qəsəbədə, birinci və ikinci partlayışlardan bir neçə dəqiqə sonra dövlət xəstəxanasının yaxınlığında baş verib. “İndiyə qədər uşaqlar, yetkin kişilər, qadınlar və hamilə qadınların həlak olduğu 18 ölüm faktı təsdiqlənib”, -deyə Saidu bildirib. O qeyd edib ki, ağır yaralanan 19 nəfər əyalətin paytaxtı Mayduquridəki dövlət xəstəxanasına aparılıb.

Bu terror aktları “Boko Haram” və ISWAP terror qruplarının on ildən çox davam edən hücumları fonunda bu il bölgədə baş verən ilk çoxsaylı partlayışlardır.