NİGAR MƏMMƏDOVA: BİZ İNKLÜZİV CƏMİYYƏTİN QURULMASINA YAXINLAŞIRIQ

“DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 2 ildir fəaliyyət göstərir. Bu müddət ərzində həssas əhali qruplarından 500-dən çox müraciət daxil olub. Müraciət edənlərin 470-dən çoxuna xidmət göstərmişik. Hazırda mərkəzdə 180-ə yaxın benefisiara 14 fəaliyyət istiqaməti üzrə xidmət göstərilir. Onların çox hissəsi əlilliyi olan şəxslərdir”.

Bunu DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova İnklüziv Karyera Forumunun açılış mərasimində deyib.

“Bu yaxınlarda ilk məzunlarımızı yola saldıq və onlara sertifikatlar təqdim etdik. Sevindirici haldır ki, sertifikatlaşma prosesində məhz Dövlət Məşğulluq Agentliyinin komandası da iştirak etdi. Bu o deməkdir ki, bu gündən start götürən İnklüziv Karyera Forumunun məqsədlərinə addım-addım yaxınlaşmağa başladıq. Mərkəzimizdə keçirilən sərgilər də forumun məqsədlərinə xidmət deməkdir. Həmin sərgilərin beynəlxalq müstəvidə də keçirilməsinə başlanılıb. Burada özəl-dövlət sektorların əməkdaşlığı çərçivəsində sərgilərin keçirilməsi nəticəsində mərkəzdə təhsil alan benefisiarların əl işləri fəaliyyət istiqamətlərindən asılı olaraq xalq arasına, özəl sektor, beynəlxalq qurumların nümayəndələrinin qarşısına çıxarılır. Bu o deməkdir ki, biz inklüziv cəmiyyətin qurulmasına yaxınlaşır, onun inkişafı yönündə böyük işlər aparırıq”, – deyə N.Məmmədova bildirib.