NİDERLANDDA XURŞİDBANU NATƏVANIN 190 İLLİYİ MÜNASİBƏTİLƏ POÇT MARKALARI BURAXILIB

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan olunub. “Şuşa ili” çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyi, eləcə də Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, XIX əsr tanınmış Azərbaycan şairəsi Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ölkəmizin hüdudlarından kənarda -Niderland Krallığında da silsilə tədbirlərlə qeyd edilir.

Niderland Krallığındakı Azərbaycan səfirliyinin təşəbbüsü ilə “Şuşa İli” çərçivəsində Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın şəkli əks olunan Niderland Poçt Şirkəti tərəfindən xüsusi poçt markaları dövriyyəyə buraxılıb. Poçt markasının üzərində “Xurşidbanu Natavan-190 Qarabağ şahzadəsi” yazılıb.

Səfirlik və Poçt Xidməti Şirkəti arasında əldə olunan razılığa əsasən, marka ölkənin mərkəzi və regional poçt şöbələrində istifadə ediləcək.

Həmçinin poçt markası filatelistlər tərəfindən böyük maraqla qarşılanıb.