NETANYAHUNUN SƏFƏRİ AZƏRBAYCANIN ÇOXVEKTORLU XARİCİ SİYASƏTİNƏ LEGİTİMLİK QAZANDIRACAQ

İsrailin Baş naziri Benyamin Netanyahunun mayın 8-də Azərbaycana planlaşdırılan rəsmi səfəri təkcə iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi üçün deyil, həm də Cənubi Qafqazda dəyişən geosiyasi tarazlıqlar fonunda mühüm bir hadisə kimi qiymətləndirilə bilər. Bu səfər xüsusilə İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana etdiyi rəsmi səfərdən dərhal sonra baş verməsi baxımından xüsusi simvolik və strateji məna daşıyır. Bu baxımdan Benyamin Netanyahunun Azərbaycana səfərini zəruri edən bir neçə əsas faktor ön plana çıxır.

Birincisi, Azərbaycan-İsrail strateji tərəfdaşlığının gücləndirilməsidir ki, hər iki ölkə uzun illərdir siyasi, iqtisadi və hərbi-texniki sahələrdə sıx əməkdaşlıq edirlər. Azərbaycanın İsraildə səfirlik açması, energetika və təhlükəsizlik sahələrində inkişaf edən əlaqələr, iki ölkə arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu göstərir. Netanyahunun səfəri bu tərəfdaşlığı daha da gücləndirmək, yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək məqsədi daşıyır.

İkincisi, İsrail liderinin bu səfəri regionda artan İran fəallığına cavab kimi də qiymətləndirilə bilər. Çünki İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana etdiyi səfər İranın Cənubi Qafqazda mövqeyini möhkəmləndirmək cəhdinin bir parçası kimi şərh olunur. Bu vəziyyətdə İsrail Azərbaycana olan yaxın münasibətlərini yenidən təsdiq etmək və Tehranın bölgədə təsir dairəsini balanslaşdırmaq istəyir. Netanyahunun səfəri həm də İsrailin Azərbaycanın regional siyasətində mühüm tərəfdaş olduğunu göstərmək məqsədi daşıyır.

Üçüncüsü, enerji və ticarət əməkdaşlığının dərinləşdirilməsini qeyd edə bilərik ki, Azərbaycan İsrail üçün mühüm enerji təchizatçılarından biridir. Netanyahunun səfəri enerji təhlükəsizliyi məsələlərində əməkdaşlığın yeni formatlarda inkişaf etdirilməsi, kənd təsərrüfatı, yüksək texnologiyalar və müdafiə sənayesi sahələrində ortaq layihələrin genişləndirilməsi məqsədinə xidmət edir.

Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, Azərbaycan öz müstəqil xarici siyasət xəttini davam etdirərək həm İranla, həm də İsraillə eyni zamanda dostluq münasibətləri qurmaq bacarığını nümayiş etdirir. Netanyahunun səfəri bu kontekstdə Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin bir göstəricisidir. Bakı regionda müxtəlif qütblərlə əməkdaşlıq edərək öz mövqeyini gücləndirir və bölgənin sabitliyinə töhfə verir. İsrail Baş nazirinin səfəri Azərbaycanın bu çoxvektorlu siyasətini daha da legitimləşdirir və ona yeni siyasi-texniki dəstək qazandırır. Üstəlik, bu səfər vasitəsilə İsrail göstərir ki, Azərbaycan təkcə enerji sahəsində deyil, həm də təhlükəsizlik, texnologiya və regional diplomatiya baxımından strateji əhəmiyyətə malik tərəfdaşdır. Çünki müasir geosiyasi reallıqda Azərbaycan Cənubi Qafqazda təkcə öz dövlət maraqlarını deyil, həm də regional və qlobal güc mərkəzlərinin maraqlarını uzlaşdırmaq baxımından mühüm rol oynayır. Azərbaycanın regional faktor kimi əhəmiyyəti bir neçə əsas istiqamətdə özünü göstərir. Bunların başında təbii ki, enerji təhlükəsizliyi dayanır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi strateji kəmərlərlə Avropanın enerji təminatında açar rol oynayan Azərbaycan enerji diplomatiyası vasitəsilə siyasi təsir imkanlarını da genişləndirir. Digər amil nəqliyyat və logistikadır. Zəngəzur dəhlizi layihəsi və Orta Dəhliz təşəbbüsləri Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub marşrutlarında tranzit ölkə rolunu artırır. Bu sırada təhlükəsizlik və sülh təşəbbüsləri də mühüm əhəmiyyətə malikdir. Qarabağ münaqişəsinin həlli və post-münaqişə dövründə yenidənqurma təşəbbüsləri Azərbaycanın regionda dayanıqlı sülhün təmin edilməsində aparıcı rol oynamasına şərait yaradır. Digər tərəfdən Azərbaycan İslam dünyası ilə Qərb arasında körpü rolunu oynayaraq dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq edən ölkə imicini daha da gücləndirir. Bütün bu faktorlar Azərbaycanın həm İran, həm də İsrail üçün cazibədar və zəruri tərəfdaş olduğunu bir daha təsdiqləyir. Buna görə də Benyamin Netanyahunun mayın 8-dəki səfəri Azərbaycan-İsrail münasibətlərinin yeni inkişaf mərhələsinə keçidinin simvolu olacaq. Bu səfər təkcə ikitərəfli əlaqələrin güclənməsinə deyil, həm də regionda sülh, sabitlik və əməkdaşlıq naminə atılan mühüm addım kimi tarixə düşəcək. Azərbaycanın isə Cənubi Qafqazın gələcəyində söz sahibi olan əsas regional aktor statusu bir daha təsdiqlənəcək.