NAZİRLİK BAKIDAKI YANĞINLARIN SƏBƏBİNİ AÇIQLAYIB

Son günlər Azərbaycanda həm meşə, həm də şəhərdəki yaşıllıq sahələrində yanğın hadisələri baş verir. Bu yanğınların da böyük bir qismi insanların səhlənkarlığı, ehtiyatsızlığından irəli gəlir.

Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Hikmət Əlizadə bildirib.

“Dünən Qəbələ və Oğuz rayonlarının meşə ərazilərində, eləcə də Bakı şəhərinin bir neçə ərazisindəki yaşıllıq sahəsində yanğın baş verib. Təkcə Xətai rayonunun Vunq Tau küçəsində olan yanğın zamanı 45 şam ağacı yanıb, digər ağaclara isə ziyan dəyib. Aparılan hesablamalara görə yaşıllığa təxminən 40 min manat məbləğində ziyan dəyib.

Müşahidələr və araşdırmalar göstərir ki, şəhərdə yaşıllıq ərazilərində baş verən yanğınların bir qismi kommunal təsərrüfat işçilərinin təmizlik aparan zaman qurumuş otları, yarpaqları bir yerə toplaması və ona od vurmasıdır. İkinci əsas fakt isə söndürülməmiş siqaret kötüklərinin yaşıllıq ərazilərinə atılmasıdır”.

H.Əlizadə bildirib ki, bu faktlar ciddi məsuliyyət yaradır və bununla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır:

“Vətəndaşlarımızdan xahiş edirik ki, odla ehtiyatlı davransınlar, min bir əziyyətlə ərsəyə gələn yaşıllıqların yanmasına səbəb olmasınlar. Çünki, hər birimizin cüzi ehtiyatsızlığı yanğınlara səbəb olur, ömrü 100 ildən artıq olan ağacların, yaşıllığın məhvi ilə bərabər, dövlətimizin büdcəsinə külli miqdarda ziyan dəyir”.