NAZİR MÜAVİNİ: “QIRMIZI KİTAB”IN ÜÇÜNCÜ NƏŞRİNDƏ NAXÇIVANIN FLORA VƏ FAUNASI DAHA GENİŞ TƏSVİR EDİLİB

“Qırmızı Kitab”ın üçüncü nəşrində Naxçıvan Muxtar Respublikasının flora və faunası daha geniş təsvir edilib.

Bunu bu gün “Qırmızı Kitab”ın üçüncü nəşrinin təqdimatında jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

“Təbii ki, digər nəşrlərdə də Naxçıvanın təbiəti təsvir edilir. Yeni nəşrdə isə daha geniş yer verilib.

Qırmızı Kitabın üçüncü nəşri Türkiyədə çapdan çıxıb. Kitabda əsas və çəhrayı olmaqla iki siyahı mövcuddur. Çəhrayı siyahının əsas siyahıdan fərqi ondadır ki, çəhrayı siyahıda olanlar hər hansı bir xüsusi mühafizəyə salınmır. Flora üzrə 50-dən çox, fauna üzrə 42 növ çəhrayı siyahıya əlavə olunub”,- deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, iki cilddə olan “Qırmızı Kitab”ın III nəşrində nadir, nəsli kəsilmək təhlükəsi altında olan 241 fauna növü (152 onurğalı, 89 onurğasız) və 460 flora növü (423 bitki: 383 ali, 15 ali sporlu, 6 mamır, 14 şibya, 5 yosun; 37 göbələk) öz əksini tapıb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından nadir və nəsli kəsilmək təhlükəsində olan növlər də öyrənilərək III nəşrə daxil edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qırmızı Kitabı haqqında Əsasnamə”yə uyğun olaraq “Qırmızı Kitab”ın hər 10 ildən bir nəşri nəzərdə tutulub.