NAZİR MÜAVİNİ: AZƏRBAYCANDA ESIM TEXNOLOGİYASINA TƏLƏBAT ARTIR

Azərbaycanda eSIM texnologiyasına tələbat artır.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.

Onun sözlərinə görə, Azərbaycanın mobil operatorları tərəfindən elektron SİM kartların (eSIM) tətbiqi sahəsində layihə daxili bazarın tələblərinə uyğun olaraq həyata keçiriləcək.

“Bu gün görürük ki, bu texnologiyalara bizim bazarda tələbat var və bu istiqamətdə işlər aparılır”, – deyə nazir müavini bildirib.

R.Rüstəmov qeyd edib ki, Azərbaycanda 5G şəbəkəsinin tətbiqi sahəsində artıq konseptual sənəd hazırlanıb. Bu sənədə şəbəkənin tətbiqi, standartları, tezliklərin paylanması ilə bağlı bütün məsələlər daxil edilib.

“Bundan əlavə, bu sənəddə texnologiyanın tətbiqi barədə məsələlər də əks etdirilir. Bu şəbəkədə hansı cihazların istifadə oluna biləcəyi göstərilir, bəzi digər məsələlər əks etdirilir”, – deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, eSIM texnologiyası fiziki SİM kartlara alternativdir. Bu, istehsal mərhələsində telefona quraşdırılmış miniatür çipdir. Onun yaddaşında saxlanılan məlumatları yenidən yazmaq mümkündür.