NAZİR MÖVLUD ÇAVUŞOĞLU: AZƏRBAYCANIN ERMƏNİSTANA TƏKLİF ETDİYİ DAVAMLI SÜLH ANLAŞMASININ İMZALANMASININ TEZLƏŞDİRİLMƏSİNİ İSTƏYİRİK

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin başlaması üçün bəzi addımlar atılıb. Bunu mərhələli qaydada davam etdirmək istəyirik. Hər zaman dediyim kimi, Can Azərbaycanla prosesi məsləhətli şəkildə koordinasiya edirik. Digər tərəfdən Ermənistanla Azərbaycan arasında normallaşma prosesini dəstəkləyirik.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirilən mətbuat konfransında ifadə edib.

“Azərbaycanın Ermənistana təklif etdiyi davamlı sülh anlaşmasının imzalanmasının tezləşdirilməsini istəyirik. Çünki, bölgədə davamlı sülhə ehtiyac var. Azərbaycan ilə Ermənistan arasında Zəngəzur dəhlizi daxil olmaqla layihələrin həyata keçirilməsi vacibdir”,-deyə fikirlərini davam etdirən nazir Mövlud Çavuşoğlu diqqətə çatdırıb ki, normallaşma prosesinə ən böyük əngəl Ermənistandakı revanşist cəhdlərdir.

Vyana görüşlərini yüksək dəyərləndirən nazir Mövlud Çavuşoğlu bildirib ki, xüsusi nümayəndələr Türkiyədə və yaxud Ermənistanda da görüşə bilərlər. Təəssüf ki, Ermənistan hələ buna hazır deyil.