NAZİR: ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI HƏR HANSI BİR TƏHLÜKƏLİ ADDIM ATACAĞINI HİSS ETSƏK, HEÇ TƏRƏDDÜD ETMƏDƏN QARŞILIĞINI VERƏCƏYİK

Ermənistanın beynəlxalq hüquqa zidd davranacağını, Azərbaycana qarşı hansısa bir təhlükəli addım atacağını hiss etsək heç tərəddüd etmədən lazımi cavabı verəcəyik.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Anadolu agentliyinə müsahibəsində bildirib.

Türkiyə-Azərbaycan münasibətlərini, eləcə də bölgədəki son vəziyyəti dəyərləndirən nazir erməni siyasətçiləri daha rasional və məsuliyyətli olmağa çağırıb.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatları xatırladan Ceyhun Bayramov deyib ki, bir ildir bu sənədlərin icrası istiqamətində işlər davam edir. Nazir bildirib: “Bəyanatlardakı bir çox maddələrin yerinə yetirilməsinə baxmayaraq, bəzi məsələlər hələ də həllini tapmamış qalır. Amma biz həllini gözləyən bu problemlərə də müsbət, konstruktiv yanaşırıq. Torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın öz sərhədləri üzərində nəzarəti ələ alması münaqişəyə son qoydu. İndi iki tərəf arasında münasibətlərin normallaşma prosesindən danışmaq olar. Azərbaycan buna hazırdır. Dövlətimizin başçısı da iki ölkə arasında sülhün və münasibətlərin normallaşmasının təmin edilməsi ilə bağlı bəyanatlar verdi. Bildirdi ki, Azərbaycan sülh istiqamətində atılacaq addımlara hazırdır”.