NAZİR: AZƏRBAYCAN V ÜMUMDÜNYA KÖÇƏRİ OYUNLARINDA FƏAL İŞTİRAK EDƏCƏK

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri Alim Bayel ilə görüşüb.

“Kazinform” agentliyi xəbər verir ki, görüş əsnasında Alim Bayel 2024-cü il sentyabrın 8-14-də Astanada keçiriləcək V Ümumdünya Köçəri Oyunlarından danışıb. Diplomat qeyd edib ki, yarışlarda dünyanın bir çox ölkələrindən nümayəndələr iştirak edəcəklər. Oyunlar çərçivəsində, həmçinin 20 yarış və 10 nümunəvi idman növləri üzrə turnirlərin keçiriləcəyi nəzərdə tutulur. Onların arasında atçılıq yarışları, milli döyüş sənətləri, ənənəvi intellektual oyunlar, oxatma, quşlarla milli ov növləri, xalq oyunları və sairə var.

Ölkəmizin bu irimiqyaslı tədbirdə iştirakının əhəmiyyətini vurğulayan Qazaxıstan diplomatı Azərbaycanın nazirini şəxsən Oyunlara baxmağa dəvət edib. Səfir, həmçinin qeyd edib ki, V Ümumdünya Köçəri Oyunları Qazaxıstanın Türk Dövlətləri Təşkilatına sədrliyi çərçivəsində keçiriləcək və Türk dünyasını növbəti dəfə sıx birləşdirəcək. Eyni zamanda, tədbir türkdilli xalqların unikal ənənələrinin təbliği və onların qorunub saxlanılması üzrə fəaliyyətlərə təkan verəcək.

Fərid Qayıbov Qazaxıstan paytaxtına səfər etməklə bağlı dəvəti qəbul edib və bildirib ki, Azərbaycan V Ümumdünya Köçəri Oyunlarında fəal iştirak edəcək. Nazir Qazaxıstan səfirinə nazirliyin gənclər siyasəti sahəsində fəaliyyəti, idmanın inkişafı üzrə həyata keçirilən bir sıra uğurlu layihələr haqqında məlumat verib. O qeyd edib ki, hazırda yeni idman obyektlərinin tikintisi və köhnələrinin bərpası istiqamətində iş aparılır. Qazaxıstanlı idmançılar Azərbaycanda keçirilən yarışlarda fəal iştirak edirlər.

Tərəflər iki ölkə arasında gənclər siyasəti və idman sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Azərbaycan tərəfi Qazaxıstanın qış idman növləri, o cümlədən hokkeyin inkişafı üzrə təcrübəsinə xüsusi maraq göstərib.