NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ƏDLİYYƏ ORQANLARINA QƏBUL İMTAHANI KEÇİRİLƏCƏK

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarına qəbul imtahanı və hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərin yazılı imtahan mərhələsini keçirəcək.

DİM-dən bildirilib ki, Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarına qəbul imtahanı ilk dəfə kompüter vasitəsilə elektron qaydada Naxçıvan Dövlət Universiteti Konservatoriyasının binasında keçiriləcək. İmtahanda 18 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan saat 10:00-da başlanacaq və 3 saat davam edəcək. İmtahanın keçirilməsi üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb və imtahanın təşkilinə nəzarət Mərkəzdən həyata keçiriləcək. Namizədlər imtahanı bitirdikdən sonra nəticələri haqqında məlumatla tanış ola biləcəklər.

Bazar günü keçiriləcək digər imtahan – hakim vəzifəsinə namizədlərlə yazılı imtahan mərhələsi də kompüterlər vasitəsilə DİM-in elektron imtahanlar korpusunda keçiriləcək. İmtahanda iştirak etmək üçün 173 nəfər qeydiyyatdan keçib. İmtahan saat 11:00-da başlanacaq və 4 saat davam edəcək.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. Namizədlər imtahanın başlanmasına azı 1 saat qalmış imtahan binasının qarşısında olmalıdırlar.