Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən Naxçıvan şəhərində gimnastikanın inkişafına növbəti töhfə məqsədilə 196 kvadratmetrlik bədii gimnastika xalçası hədiyyə olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, xalça idmançıların ixtiyarına bu gün verilib.
Avadanlığın çatdırılması və quraşdırılması işləri Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və nəzarəti ilə həyata keçirilib.
Nazir səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov yaradılan şəraitlə yerində tanış olub, eyni zamanda məşqçi, idmançı və valideynlərlə görüşüb, fikirlərini diqqətə çatdırıb. Onları bu yenilik münasibətilə təbrik edən nazir müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə idmanının inkişafı və qazanılan nailiyyətlər barədə danışıb. O cümlədən, bədii gimnastikanın Naxçıvanda təşəkkülü və inkişafı tarixini xatırladaraq deyib ki, bölmə 2014-cü ildə nazirliyin nəzdində “Xatun” Bədii Gimnastika Klubu adı altında fəaliyyətə başlayıb. Məcid Seyidov əlavə edib ki, təmsil etdiyi qurumla Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AGF arasında uğurla davam edən əməkdaşlıq əlaqələri konteksində muxtar respublikada gimnastikanın inkişafı daim diqqətdə saxlanılır, məşqçi və idmançıların beynəlxalq yarışlarda, festival və təlim-məşq toplanışlarında iştirakı təmin olunur, maddi-texniki baza gücləndirilir. Məcid Seyidov Birinci vitse-prezident, AGF-nin prezidenti Mehriban Əliyevanın rəhbərliyində gimnastikanın hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü deyib, muxtar respublikada bu idman növünə göstərilən davamlı dəstəyin məşqçi və idmançılar üçün böyük stimul yaratdığını diqqətə çatdırıb.
Yaradılan şəraitə görə minnətdarlığını bildirən məşqçi Humay Qafarova idmançıların hazırlıq vəziyyəti və gələcək yarışlar haqqında məlumat verib. Qeyd edib ki, peşəkar gimnastika xalçasının mövcudluğu məşq elementlərinin icrasını asanlaşdıracaq və idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsi üçün daha geniş imkanlar açacaq.
Sonda idmançıların məşq prosesi izlənilib, onlarla birgə xatirə fotosu çəkilib.