NATO qarşıdakı dövrdə Azərbaycanla yüksək səviyyəli siyasi dialoqun və geniş praktiki əməkdaşlığın davam etdirilməsinə ümid edir.
Bu barədə NATO-dan bildirilib.
“NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina yaxınlardan regiona etdiyi səfəri zamanı Azərbaycanın bir sıra rəsmiləri ilə görüşüb. Görüşlər zamanı NATO ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri, o cümlədən “Planlaşdırma və Təhlil Prosesi” proqramı çərçivəsində Azərbaycan hakimiyyəti ilə əməkdaşlığın bərpası məsələlərinə baxılıb”, – deyə təşkilatdan bildiriblər.
Cənubi Qafqazdakı vəziyyətə gəlincə, NATO-dan qeyd ediblər ki, Alyans Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üzrə addımları görməyə ümid edir.
“Ermənistan və Azərbaycan NATO-nun dəyərli tərəfdaşlarıdır. Biz tərəfləri zorakılığın bərpasına səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırırıq. Həll olunmayan məsələlər diplomatiya yolu ilə həll edilməlidir. Biz Minsk Qrupu prosesi çərçivəsində və xaricində dialoqu alqışlayırıq və iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə addımların atılmasını görməyə ümid edirik”, – deyə təşkilatdan bildiriblər.