MÜSTƏQİL VƏ QƏTİYYƏTLİ XARİCİ SİYASƏTİ ÖLKƏMİZİN DİPLOMATİK UĞURLARINI TƏMİN EDİR

Azərbaycanın bu gün dünyada müstəqil siyasət yürütməyə, milli maraqlarını qətiyyətlə müdafiə etməyə nail olması ölkə iqtidarının bütün məsələlərdə daxili resurslara və xalqın dəstəyinə söykənməsi ilə şərtlənir. Prezident İlham Əliyev cərəyan edən ikili standartlar və ədalətsizliklər fonunda daim bəyan edir ki, hər bir ölkənin siyasi müstəqilliyini məhz onun iqtisadi qüdrəti təmin edir.

Dövlət başçısı İlham Əliyev XII Qlobal Bakı Forumunda çıxışı və “Evronews” telekanalına müsahibəsində beynəlxalq hüququn, demək olar ki, formal xarakter daşıdığı dünyada qarşıya qoyulan hədəflərin reallaşdırılmasının, müstəqilliyi  möhkəmləndirməyin, söz sahibi olmağın sadə formulunu bir daha bəyan edib: iqtisadi cəhətdən güclü olmaq, yalnız öz dövlətinin, xalqının gücünə güvənmək! Məhz bu yanaşma nəticəsində son 20 ildə iqtisadi sahədə inqilabi uğurlara imza atan, dünyanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən Azərbaycan dünyada müstəqil siyasət yürütməyə nail olub. Davamlı şəkildə artan iqtisadi-maliyyə resurslarımız ölkəmizə heç bir ölkədən asılı olmadan hədəflərinə çatmaq imkanı yaradıb. Bu strateji hədəflər dövlət müstəqilliyinin daxili və xarici təhdidlərdən qorunub saxlanılmasını, iqtisadiyyatın davamlı inkişafını, ölkəmizin beynəlxalq arenada tanıdılmasını praktiki məqsədlərə çevirib.

Prezident İlham Əliyev “Evronews” telekanalına müsahibəsində ölkəmizin bütün məsələlərdə yalnız öz daxili resurslarına arxalandığını xüsusi vurğulayıb: “…Əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu, sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək, həmin şəxs gəlib sizdən hesabat istəyəcək…Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq”.

Azərbaycan üzləşdiyi ədalətsiz münaqişənin beynəlxalq hüquqa və milli maraqlarına uyğun həlli üçün uzun illər ərzində iqtisadi cəhətdən güclənməyə, hərbi potensialını artırmağa, eyni zamanda, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşasına üstünlük verib. 30 il müddətində aparılan danışıqlar prosesi nəticəsiz olsa da, təcavüzkarı ifşa etmək, onun işğalçı siyasəti barədə beynəlxalq miqyasda düzgün rəy formalaşdırmaq baxımından zəruri mərhələ olub. Rəsmi Bakının danışıqlar prosesində sonadək təmkinlə iştirakı ona həm də hərb yolunun seçilməsi üçün əsaslı arqumentlər qazandırıb. Başqa sözlə, danışıqlar prosesinin nəticəsiz qalması rəsmi Bakıya hərb yolunun qaçılmazlığını zamanla beynəlxalq ictimaiyyətə əsaslandırmaq imkanı yaradıb. Bu xüsusda son 22 ildə ölkə diplomatiyasının müdafiədən hücum taktikasına keçidini, xarici siyasətin səmərəliliyi də xüsusi qeyd olunmalıdır.

Dövlət başçısı İlham Əliyevin 22 illik xarici siyasəti müstəqil və güclü dövlət modelinin praktik surətdə reallaşdırılmasına yönəlib, rəsmi Bakı sivil dünyanın geosiyasi konfiqurasiyasını müəyyən edən aparıcı dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərini yüksək dinamizmlə inkişaf etdirmək xəttinə üstünlük verib. Qətiyyətli xarici siyasət yeridən respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanıb.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda beynəlxalq hüququn işləməməsinin, ikili standartların hökm sürməsinin əsas səbəblərindən biri də dünyanın əsas beynəlxalq təşkilatlarının gücsüzlüyü, fəaliyyətsizliyi ilə bağlıdır. Bu isə dünyanın sivil ritmini, sülhü, təhlükəsizliyi, sivil birgəyaşayışı təmin etməli olan beynəlxalq hüquq normalarının, qəbul edilmiş konsensiyaların, bəyannamələrin və s. təsir gücünü itirərək kağız üzərində qalması ilə nəticələnir. Xüsusilə də Birləşmiş Millətlər Təşkilatının (BMT) beynəlxalq nüfuzunun zəifləməsi, qlobal proseslərə təsir imkanlarını itirməsi rəsmi Bakını uzun illərdir ki, ciddi narahat edir. Xatırladaq ki, hələ 2003-cü ilin sentyabr ayında cənab İlham Əliyev Baş nazir statusunda BMT Baş Assambleyasının sessiyasında iştirakı zamanı bəyan etmişdi ki, beynəlxalq miqyasda cərəyan edən mürəkkəb proseslər BMT-nin yenidən strukturlaşması, onun perspektiv fəaliyyət strategiyasında əsaslı dəyişikliklərin edilməsi məsələsini ön plana çıxarıb.

Hazırda Yaxın Şərq və Ukraynada davam edən silahlı münaqişələr fonunda BMT-nin cərəyan edən qlobal proseslərə təsir imkanlarının məhdudluğu təşkilata üzv dövlətlərin əksəriyyətində ciddi narahatlıq doğurur. Təşkilatın hansısa ciddi qərarlar qəbul etməsi Təhlükəsizlik Şurasının 5 daimi üzvünün konsensusa gəlməsindən asılıdır ki, bu da onun çevik və dinamik fəaliyyətini əngəlləyir. Bütün bunların fonunda Azərbaycan və bir sıra ölkələr əsaslı olaraq təşkilatın qərar qəbuletmə mexanizmlərinin dəyişdirilməsini, ciddi islahatların aparılmasını təklif edirlər.

Rəsmi Bakı çoxqütblü dünyanın qlobal güc mərkəzləri arasında “bölüşdürülməsi” cəhdlərini yolverilməz sayır, bölgə dövlətlərinin ərazisində xarici qoşun və hərbi bazaların yerləşdirilməsinin, militarizmin əleyhinə çıxır. Qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik, adekvat reaksiya verir, qlobal təhdidləri inamla dəf edir. Bütün bunların nəticəsidir ki, Ermənistan uzun müddət davam edən siyasi manipulyasiyalarına son qoymağa, Azərbaycanın sülh təkliflərini bu günlərdə tam şəkildə qəbul etməyə məcbur olub.

MTM Analitik Qrup