
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Muğam Festivalı çərçivəsində iyunun 18-dən 20-dək muğam ifaçıları müsabiqəsi elan edilib.
Mədəniyyət Nazirliyindən bildirilib ki, müsabiqə Azərbaycan Milli Konservatoriyasında keçiriləcək.
Ənənəvi musiqi ifaçılığına həsr olunan müsabiqə yaşı 35-i ötməyən (18 iyun 1990-cı il və daha gec təvəllüdlü) vokal və instrumental ifaçıların iştirakına açıqdır. Müşayiətçilərə (5 nəfərdən çox olmamaq şərtilə) yaş məhdudiyyəti qoyulmur. Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələ 15 dəqiqəlik, ikinci mərhələ isə 25 dəqiqəlik proqramı əhatə edir.
İştirakçılar təmsil etdikləri musiqi ənənəsinin zənginliyini və xüsusiyyətlərini əcnəbi dinləyicilərə cəlbedici şəkildə çatdırmalıdırlar. Bu məqsədlə əlavə vasitələrdən (mühazirə, şərhçi, audiovizual media, səhnə quruluşu) istifadəyə icazə verilir.
Müsabiqəyə qeydiyyat yalnız onlayn şəkildə, saytı vasitəsilə aparılır. Ərizədə qeydiyyat forması, rəqəmsal şəkil (minimum 300 dpi), pasport məlumatları, yaradıcılıq xülasəsi və 10 dəqiqədən çox olmayan videoyazı təqdim edilməlidir.
Son qeydiyyat tarixi iyunun 1-dir. İlkin seçimin nəticələri iyunun 4-də məlum olacaq.
Ətraflı məlumat üçün linkinə daxil ola bilərsiniz.