MÜDAFİƏ SƏNAYESİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ AZƏRBAYCAN VƏ VYETNAMA ÇOXSAYLI ÜSTÜNLÜKLƏR QAZANDIRACAQ

Müdafiə qabiliyyətinin davamlı olaraq yüksəldilməsi istiqamətində məqsədyönlü siyasət yürüdən Azərbaycan ötən dövr ərzində bu müstəvidə də çoxsaylı nailiyyətlərin müəllifinə çevrilib. Ölkəmiz həm yerli istehsal,  həm də müxtəlif tərəfdaşlarla işbirliyi sayəsində silahlı qüvvələrinin maddi-texniki təminatını yüksək səviyyəyə çatdırıb. İndi ordumuzun, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin digər növlərinin ixtiyarında ən müasir hərbi texnikalar, müxtəlif silah-sursatlar mövcuddur. Bununla belə qeyd olunan istiqamətdə işlər yüksək intensivliklə davam edir, xarici tərəfdaşlarla yeni işbirlikləri qurulur. Belə xarici tərəfdaşlar sırasına isə tezliklə Vyetnam da daxil olacaq.

Qeyd edilməlidir ki, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfəri zamanı Prezident İlham Əliyevlə apardığı danışıqlarda əsas müzakirə predmetlərindən biri də  müdafiə sənayesi sahəsində əməkdaşlıqla  bağlı olub. Prezident İlham Əliyev Baş katib To Lam ilə mətbuata birgə bəyanatla çıxışı zamanı bu xüsusda bildirib: “Müdafiə sənayesi sahəsində çox böyük perspektivlər var. Hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər”. Sözügedən müstəvidə Azərbaycanla əməkdaşlıq əlaqələrinin qurulması Vyetnamın da xüsusi maraq dairəsində yer alır. Bununla bağlı Baş katib To Lam mətbuata bəyanatında qeyd edib ki, Azərbaycan və Vyetnam müdafiə,  təhlükəsizlik sahələrində əlaqələri fəallaşdırmalı, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə sahələrində münasibətləri inkişaf etdirməlidir.  

Ölkələrimizin müdafiə sənayesi sahəsində əməkdaşlığa belə xüsusi maraq göstərmələri heç də təsadüfi deyil. Bu, ilk növbədə hər iki ölkənin müdafiə qabiliyyətini yüksək səviyyədə saxlaması zərurətindən irəli gəlir. İkinci bir tərəfdən hərbi təyinatlı məhsulların istehsalında həm Azərbaycan, həm də Vyetnam çoxsaylı nailiyyətlərə imza atmağa bacarıblar. Bu gün ölkəmizdə 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Nəticə etibarı ilə Azərbaycanın Silahlı Qüvvələri müasir silah növləri ilə təchiz olunur, eyni zamanda ölkəmiz bu istiqamətdə ixrac qabiliyyətini də genişləndirir. Təsadüfi deyil ki, hazırda istehsal edilən hərbi məhsulların əhəmiyyətli hissəsi ixraca yönləndirilir. Ötən ilin statistik göstəricilərinə nəzər saldıqda da bunun faktiki təzahürünü görmək mümkündür. Belə ki, 2024-cü ildə Müdafiə Sənayesi Nazirliyi tabeliyində olan müəssisələr tərəfindən ümumilikdə 781,8 milyon manat məbləğində məhsul istehsal edilib. Həmin məhsulun 565,8 milyon manatlıq hissəsi ixrac olunub. Bu, Azərbaycan hərbi təyinatlı məhsullarına dünyada yüksək tələb olduğunu göstərir. Təbii ki, bütün bunları şərtləndirən əsas səbəblərdən biri sözügedən məhsulların həm də yüksək keyfiyyət standartlarına cavab verməsidir.

Bununla yanaşı, Azərbaycan hərbi təyinatlı məhsulları özünü İkinci Qarabağ müharibəsi zamanı da ən yüksək səviyyədə doğruldub. Məlumdur ki, Vətən müharibəsinin gedişində tarixi qələbənin qazanılmasında Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan müasir silah-sursatlar, o cümlədən pilotsuz uçuş aparatları əhəmiyyətli rol oynayıb. Bütün bunlar bir çox digər ölkələr kimi Vyetnamın da xüsusi diqqətini cəlb edir. Vyetnam ölkənin təhlükəsizliyinin təmin edilməsi və milli suverenliyin qorunması məsələlərinə ciddi diqqət yetirir. Cənubi Çin dənizində davam edən gərginliyi, habelə ABŞ-ın bu ölkəni anti-Çin koalisiyasına cəlb etmək cəhdlərini nəzərə alaraq, rəsmi Hanoy öz silahlı qüvvələrinin inkişafına, o cümlədən onları müasir silah və hərbi texnika ilə təmin etməyə müstəsna önəm verir. Elə bu kontekstdə Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlıq  Vyetnam üçün olduqca cəlbedicidir.

Azərbaycana gəlincə, Vyetnamın hərbi təyinatlı məhsulları, onun istehsal təcrübəsi ölkəmiz üçün maraqlıdır. Vyetnamda hərbi-sənaye kompleksinin fəaliyyətinə rəhbərlik Milli Müdafiə Nazirliyinə və onun strukturuna daxil olan ixtisaslaşmış orqanlara həvalə edilib. Silahlı Qüvvələrin bölmələrinin müvafiq strukturları vasitəsilə Milli Müdafiə Nazirliyi Vyetnam Xalq Ordusunun silah və hərbi texnikaya olan ehtiyaclarının siyahısını tərtib edərək sifarişçi kimi çıxış edir. Hərbi-sənaye kompleksi müəssisələri üçün prioritet fəaliyyət istiqamətləri kimi aşağıdakılar müəyyən edilib: müasir texnologiyalardan və yeni materiallardan istifadə etməklə hərbi texnika nümunələrinin yaradılması; silah sistemlərinin və xüsusi texnikanın istehsalı üçün istehsal bazasının təkmilləşdirilməsi; gəmilərin, sualtı qayıqların və döyüş qayıqlarının tikintisi imkanlarının genişləndirilməsi; raket yanacağının və partlayıcı maddələrin yeni komponentlərinin işlənib hazırlanması; informasiya texnologiyalarının, rabitə və məlumatların ötürülməsi vasitələrinin inkişafı, kompüter sahəsində təhlükələrə qarşı mübarizə; ikili təyinatlı məhsulların istehsalı texnologiyalarının inkişafı. Ötən dövr ərzində bu istiqamətlərdə Vyetnam mühüm uğurlara imza atmağı bacarıb.

Qeyd olunanlara paralel şəkildə  silah və hərbi texnika nümunələrinin hazırlanması,  istehsalı müvafiq lisenziya əsasında və xarici tərəfdaşlarla əməkdaşlıq şəraitində də həyata keçirilir. Respublikanın hərbi sənayesində 60-dan çox müəssisə fəaliyyət göstərir. Onlar aviasiya, sursat, gəmiqayırma, artilleriya,  atıcı silah, zirehli, raket və radioelektron istiqamətlərdə fəaliyyət göstərirlər. Eyni zamanda, gəmi və zenit-raket komplekslərinin, radarların, elektron döyüş sistemlərinin müstəqil istehsalının inkişafı, həmçinin öz piyadaların döyüş maşınlarının,  tank əleyhinə idarə olunan raket komplekslərinin yaradılması istiqamətində bir sıra layihələr həyata keçirilir. Xarici tərəfdaşlarla, o cümlədən də Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlıq, bu fonda birgə istehsal müəssisələrinin yaradılması hər iki ölkənin maraqlarına cavab verir. Artıq bu istiqamətdə ilkin addımların atılması yaxın tezlikdə mühüm nəticələrin əldə olunacağını göstərir.

MTM Analitik Qrup