Martın 28-31-də Malayziyanın Kuala Lumpur şəhərində “DSA-2022” 17-ci Asiya müdafiə xidmətləri üzrə sərgi və konfransı keçirilir.
Müdafiə Sənayesi Nazirliyindən bildiriblər ki, sərgidə Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Mehman Baxışovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.
Malayziya Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə iki ildən bir keçirilən, 45 ölkədən 350-dən çox yüksək səviyyəli nümayəndə heyətinin, 1170 qabaqcıl şirkət və 27 ölkənin milli pavilyonla çıxış etdiyi “DSA-2022” 17-ci Asiya müdafiə xidmətləri üzrə sərgi və konfransında Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 110 adda müdafiə təyinatlı məmulat nümayiş olunur.
Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi 2014-2016-cı illərdə keçirilmiş DSA sərgilərində stendlə iştirak edib və nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar nümayiş etdirilib.