
Voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında 2023-2024-cü illər mövsümünə start verilib. Çempionatda Müdafiə Nazirliyinin Mərkəzi İdman Klubunun (MİK) voleybol komandası da iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı İdman Sarayında keçirilən açılış mərasimində Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Bəhruz Quliyev, Azərbaycan Voleybol Federasiyasının İdarə heyətinin üzvləri, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev, MİK-in rəisi polkovnik-leytenant Ramiq Orucov və digər qonaqlar iştirak ediblər.
Çempionatda kişilər arasındakı yarışda MİK-in “MOİK” komandası “AZERRAIL”, “Xarıbülbül Laçın”, “Xarıbülbül Şuşa”, “Murov Az Terminal” və “Neftçi” komandaları ilə mübarizə aparacaq.
Reqlamentə əsasən 4 dövrədən ibarət olan və dairəvi sistem üzrə keçiriləcək çempionatda ilk dörd pilləni tutan komandalar play-off mərhələsinə yüksələcəklər.
Təmsilçimiz ilk oyununu noyabrın 8-də “Xarıbülbül Şuşa” komandasına qarşı keçirəcək.
