MÜDAFİƏ NAZİRLİYİ “ZƏFƏR YARMARKA”SINDAN GÖRÜNTÜLƏR PAYLAŞIB

Zəfər günü ilə əlaqədar Dənizkənarı bulvar ərazisində keçirilən “Zəfər yarmarka”sında Azərbaycan Ordusunun silahlanmasında olan bir sıra silah, texnika və PUA nümunələri, eləcə də müxtəlif təminat növləri nümayiş etdirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim olunur.

Tədbirdə həyata keçirilən “Əsgərə məktub” layihəsi qonaqlar tərəfindən maraqla qarşılanıb və onlar həvəslə Vətən keşiyində duran Azərbaycan əsgərinə sevgi dolu məktublar yazıblar.
Qeyd edək ki, Azərbaycan Ordusunda zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək üçün təhsil müəssisələrinə qəbul qaydaları barədə ətraflı məlumatların əks olunduğu bukletlər yarmarkaya təşrif buyuran vətəndaşlara paylanılacaq.