MÜDAFİƏ NAZİRLİYİ SÜRÜCÜ İXTİSASI ÜZRƏ KURSA QƏBUL ELAN EDİR

Müdafiə Nazirliyi sürücü ixtisası üzrə mütəxəssislərin hazırlanması üçün “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul elan edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, kursa daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər bu il martın 18-dək Pirəkəşkül qəsəbəsi, Gəncə və Bərdə şəhərlərindəki hərbi hissələrdə fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

Sürücü ixtisası üzrə “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyənləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar hərbi hissələrdə müvafiq vəzifələrə təyin olunur.

Namizədlər qəbul komissiyalarına müraciət edərkən təqdim edəcəkləri sənədlər Müdafiə Nazirliyinin saytına yerləşdirilib.

Sənədlərin qəbulu Pirəkəşkül qəsəbəsi, Gəncə və Bərdə şəhərlərindəki hərbi hissələrdə həyata keçiriləcək.

Müraciət etmə vaxtı martın 18-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dəkdir.

Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış və ya məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.