MÜDAFİƏ NAZİRİ BÖLMƏLƏRİN DÖYÜŞ QABİLİYYƏTİNİN YÜKSƏLDİLMƏSİNİ TƏLƏB EDİB

Martın 29-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə yerləşən birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, azad edilmiş ərazilərdə xidmətin təşkili ilə bağlı məsələlərə toxunan müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişlərini və qarşıda duran vəzifələri müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
General-polkovnik Z.Həsənov şəxsi heyətin hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin artırılmasında Vətən müharibəsində qazanılan təcrübə nəzərə alınmaqla əsas diqqətin hərbi hissələrdə, xüsusilə də azad edilmiş ərazilərdə yerləşən bölmələrdə keçirilən döyüş hazırlığı üzrə məşq və dərslərin keyfiyyətinin yüksəldilməsinə yönəldilməsini tapşırıb.
Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
General-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdə hərbi infrastrukturun inkişaf etdirilməsi, mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri, döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat və təchizatının daha da yaxşılaşdırılması ilə bağlı konkret göstərişlər verib.