
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində tədqiqatlar davam etdirilir.
İnstitutdan bildirilib ki, ötən 6 ayda bulud hesablama sistemlərinin sintezi və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlər işlənilib və mühüm nəticələr əldə olunub. Bulud texnologiyalarının elmi-nəzəri problemləri araşdırılıb, mobil hesablama buludlarında proqram təminatlarının (resursların) “cloudlet”lərdə səmərəli yerləşdirilməsi üçün metod və alqoritm işlənilib. Bulud əsaslı SCADA sistemlərində təhlükəsizlik məsələləri üçün mexanizmlər işlənilib, şəhər miqyaslı mobil şəbəkə mühitində “cloudlet”lərin optimal yerləşdirilməsi metodu ilə bağlı tədqiqatlar aparılıb. Superkompüterin enerji sərfiyyatında meydana çıxan problemlər və onların həlli yolları və digər mövzular araşdırılıb.
