MÜƏLLİFLİK HÜQUQU VƏ ƏLAQƏLİ HÜQUQLARIN QORUNMASI İSTİQAMƏTİNDƏ FƏALİYYƏTƏ DAİR BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR

İyulun 22-də Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin təşkilatçılığı ilə “Müasir mərhələdə müəlliflərin və əlaqəli hüquq sahiblərinin hüquqlarının qorunması üzrə Kollektiv İdarəetmə Təşkilatlarının fəaliyyətləri” mövzusunda beynəlxalq konfrans keçirilir.

Tədbiri açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov beynəlxalq konfransın əhəmiyyətindən danışıb.

S.Tapdıqov Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı layihələrin keçirildiyini vurğulayıb. Qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf bu gün uğurla davam etdirilir. İslahatlar, həmçinin əqli mülkiyyətin qorunması sahəsində aparılıb. Belə ki, Prezident İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb.

Bildirilib ki, beynəlxalq tədbirin məqsədi müəlliflik hüququ və əlaqəli hüquqların qorunmasının təşviqi, bu sahədə əmlak hüquqlarının kollektiv əsasda idarə edən təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, müəlliflərin (hüquq sahiblərinin) və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyinin, o cümlədən onların qonorar almaq hüquqlarının təmin edilməsi üçün təşkilatlar arasında təcrübə mübadiləsi və qarşılıqlı dəstəyin göstərilməsidir.

Konfransda ölkəmizi təmsil edən müəlliflərin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edən təşkilatlar – “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi (APKG), “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi (MHU), “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi (RAYS), Türkiyənin “Musiki Eseri Sahipleri Meslek Birliği” (MESAM), “Musiki Eseri Sahipleri Grubu Meslek Birliği” (MSG), Rusiya Federasiyasının “Rusiya Müəllif Cəmiyyəti” (Rossiyskoye Avtorskoye Obşestvo – RAO), Qırığız Respublikasının Nazirlər Kabineti yanında Əqli Mülkiyyət və İnnovasiya Dövlət Agentliyi (KIGIZPATENT), Qazaxıstan Respublikasının “Amanat” Müəlliflik hüququ və əlaqəli hüquqların müdafiəsi üzrə qeyri-kommersiya təşkilatı, Özbəkistan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqların müdafiəsi cəmiyyəti” (UzAvtor) və digər təşkilatların nümayəndələri iştirak edir.

Konfrans zamanı Əqli Mülkiyyət Agentliyi və onun tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi, o cümlədən Agentliyin yanında İctimai Şuranın fəaliyyəti haqqında məruzələr dinləniləcək, ölkəmizdə və qonşu ölkələrdə rəsmi qeydiyyatdan keçmiş kollektiv idarəetmə təşkilatlarının fəaliyyətləri haqqında məlumat veriləcək və mövzu ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbirin sonunda konfrans iştirakçılarının birgə bəyanat qəbul etməsi gözlənilir.