Sabahdan etibarən, “Azerspace-1” peykindən yayımlanan Azərbaycan televiziya kanalları HD (High Definition – yüksək dəqiqlikli) formatda yayıma keçəcək.
Bu, Milli Televiziya və Radio Şurası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, nazirliyin tabeliyində olan “Azərkosmos”, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin birgə razılığına əsasən yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir.
Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov HD formatına keçidin təfərrüatlarını açıqlayıb.
İ.Səttarov bildirib ki, hazırda Azərbaycanda yerüstü yayım dövlət tərəfindən dəstəklənir və Azərbaycanın bütün əhalisi yerüstü yayım ilə əhatə olunur.
“Azərbaycan kanalları ölkə ərazisində yerüstü yayım ilə pulsuz yayımlanır, insanlar da sadə antena ilə bu kanallara baxa bilər, yəni bu, dövlət tərəfindən təmin olunur. Peyk yayımı vasitəsilə televiziyaların izlənməsi isə tamaşaçıların könüllu seçimidir. Yəni, hər kəsin yerüstü yayıma baxmaq imkanı peyk yayımında HD formatına keçiddən sonra da olacaqdır”, – deyə İ.Səttarov vurğulayıb.
O qeyd edib ki, ölkəmizdə ailə təsərrüfatlarının az faizində peyk tunerləri HD formatını dəstəkləməyə bilər.
“Bu faiz çox aşağı olacaq. Ancaq kimlərin ki, peyk tunerləri HD formatını dəstəkləməyəcək, onlar yenə də yerüstü yayımla təmin ediləcəklər və televiziya kanallarına yerüstü yayım vasitəsilə baxa biləcəklər. Yəni insanlar fikirləşməsinlər ki, HD formatına keçiddən sonra onlar televiziyasız qalacaqlar”, – deyə qeyd edib.
MTRŞ sədri vurğulayıb ki, yanvarın 28-də HD formatına keçiddən sonra əhali öz tunerlərini yenidən tənzimləməlidir. Bununla bağlı noyabr ayından əhali maarifləndirilir.
HD formatına keçidin səbəbinidən danışan İ.Səttarov vurğulayıb ki, hazırda Azərbaycanda peykdən HD formatında yayımlanan cəmi dörd televiziya kanalı var.
“Qalan kanallar peykdə ancaq SD formatında yayımlanırlar. Eyni zamanda, əhalimiz tərəfindən kifayət qədər izlənilən qonşu ölkələrin telekanallarının böyük əksəriyyəti artıq HD yayımı aparmaqdadılar. Həmin kanallar ilə müqayisədə bizim telekanallar təsvirin keyfiyyətində uduzur. Bu addım yerli televiziyaların xarici telekanalla rəqabət aparmağinda müəyyən dərəcədə kömək edəcək və ən əsası, Azərbaycan vətəndaşlarını daha keyfiyyətli təsvirlə təmin edəcək”, – deyə MTRŞ sədri vurğulayıb.